Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalanıb

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Yekaterinburqa səfəri çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Sverdlovsk vilayətinin qubernatoru Yevqeni Kuyvaşev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Azərbaycanın Yekaterinburqdakı Baş konsulu İlqar İsgəndərov və digər şəxslər iştirak ediblər.

Azərbaycan nümayəndə heyətini salamlayan Denis Manturov Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Rusiyalı nazir Azərbaycan tərəfini bu ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək “Neva” gəmiçilik sərgisinə dəvət edib.

Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsdəri, İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır. Azərbaycanda uğurla həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizin sənaye potensialı, yaradılmış sənaye parkları və məhəllələri, əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verən Şahin Mustafayev Rusiya ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verildiyini vurğulayıb.

Görüşdə sənaye, o cümlədən neft-qaz maşınqayırması, gəmiqayırma, xüsusi avadanlıqlar, kənd təsərrüfatı texnikası istehsalı, eləcə də nəqliyyat, aqrar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin təşkili, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılması, Rusiya Federasiyasının regionları ilə əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

İqtisadiyyat Nazirliyi Görüş çərçivəsində Gəncə Avtomobil Zavodu və “Kamaz” ASC arasında ehtiyat hissələrinin tədarükünə dair müqavilə, “ATEF” şirkətlər qrupu və “Sinara Qrup” SC arasında Anlaşma Memorandumu, AZPROMO və “Qazprombank” SC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Yekaterinburqa səfəri zamanı Azərbaycan nümayəndə heyəti X İnnoprom beynəlxalq sənaye sərgisində iştirak edib. Sərgi çərçivəsində Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsinə, yeni əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

Rəylər