Azərbaycan Universitetində “Çin Günü”… – Fotolar

Azərbaycan Universitetində “Çin günü” mədəniyyət tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşəbbüsü, institut ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan Universiteti Konfutsi Mərkəzi və Xarici dillər kafedrasının təşkilatçılığı ilə ərsəyə gələn tədbirdə Çin dili, mədəniyyəti və ənənələrinin qısa təqdimatı olub.

Tədbirin açılış mərasimində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov və Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Luo Xiaozhi çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, tədbir tələbələrə Çin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradır.

Azərbaycan Universitetində 2018-ci ilin sentyabr ayından ikinci xarici dil kimi Çin dilinin tədrisinə başlanıb. Hazırda həftədə 16 dərs saatı olmaqla iki qrupda Çin dili fənni tədris olunur.

Tədbirin açılış mərasiminin ardından başlayan sərgi hissəsində Çin mədəniyyətinin ayrılmaz hissəsi olan Çin kağız kəsmə sənəti, Çin çay mərasimi, kalliqrafiya və Çin mədəniyyətinə aid əşyalar nümayiş olunub, iştirakçılar arasında yemək çubuqları vasitəsilə fıstıq götürmə oyunu keçirilib. Qaliblərə müxtəlif mükafatlar təqdim olunub.



Rəylər