“Paster” ləqəbli reperin saxlanmasının səbəbi bəlli oldu“Elektra Events Hall”da keçirilən yarışmada ifası zamanı polisləri təhqir edibmiş.

Son günlər sosial şəbəkələrdə “Paster” ləqəbli reper Pərviz Quliyevin saxlanması və həbs olunması ilə bağlı xəbərlər dolaşmaqdadır. Onun həbs olunması ilə bağlı müxtəlif səbəb və versiyalar göstərilir.

Mənbənin verdiyi məlumata görə 15 dekabr tarixində rep ifaçıları arasında yarışma keçirilmiş, yarış zamanı Tibu ləqəbli rəqiblə söz duelində Pərviz Quliyev ifasında polis əməkdaşlarının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Məhz bu hadisədən sonra onun saxlanılaraq 30 sutka həbs olunduğu bildirilmişdir.

DİN-in mətbuat xidmətindən isə P.Quliyevin Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişin və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər etdiyi, polisin onu intizama dəvət etməsi ilə bağlı qanuni tələblərinə tabe olmadığına görə saxlanılması ilə bağlı açıqlama verilmişdir.

Xatırladaq ki, azərbaycanlı reperlər üçün “döyüş” səhnəsi olan “Kəllə Kəlləyə”də bu dəfə Pasterlə Tibu KM qarşılaşıb, “Elektra Events Hall”da baş tutan dueldə izdiham yaşanıb. 

Dəfələrlə yarışlarda çempion olan Pasterin qalib gələcəyi proqnozlaşdırılsa da, beş münsif üzvünün səsinə əsasən, Tibu 3:2 hesabla qalib olub. Həlledici səsi jüri olan keçmiş repçi Fərid Dadaşov (MC Daddy) verib. Həmin anda Pasterin tərəfdarları jüri heyətinə etiraz edərək klubu tərk etməyəcəklərini qeyd ediblər. Daha sonra fanatlar arasında dava da olub. Etirazlar bir müddət davam etsə də, qərarda heç bir dəyişiklik olmayıb. Pasterin məğlubiyyəti sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Əksər istifadəçilər münsiflərin haqsız olaraq qərar çıxardıqlarını iddia ediblər.

Tibu isə sosial şəbəkədə status yazaraq 5 münsifin peşəkar repçi olduğunu qeyd edib:

“Bu döyüşdə repə rep oldu. Amma Pərviz (Paster) çox söyüş söydü! Yəni, həyatda necə, meydanda elə hörmət olmalıdır. Mənimlə olan hər kəsə təşəkkür. Biz tarix yazdıq”.

Bundan əlavə, sözügedən qarşılaşma üçün Pasterin təşkilatçılardan 10 min manat tələb etdiyi də iddia olunub. Tibu instaqramda bu məsələyə toxunaraq “bundan sonra mənimlə döyüş 20 mindir” şərhini yazıb.

Rəylər