Polisin “unitaza soxduğu” şəxs kimin qohumudur? – Sensasiya

Bir neçə gündür sosial şəbəkələrdə, xüsusən Yutubda tirajlanan “Əlizamin Salayev olayı” ilə bağlı maraqlı məlumatlar əldə etmişik.

Məlumat üçün bildirək ki, Əlizamin Salayevin rahatca getdiyi yerdə qəflətən Səbail polisi tərəfindən “heç bir səbəb olmadan” saxlanıldığı, Polis İdarəsinə aparılaraq tualet yumağa məcbur edildiyi, Əlizamin etiraz etdikdə isə onu döyüb xəsarət yetirdikləri, aldığı xəsarətlərdən dolayı polislərin onu xəstəxanaya aparmaq məcburiyyəti qarşısında qaldıqları, yoxlama zamanı kor bağırsağının (“qrija”sının) partladığının üzə çıxması, buna baxmayaraq, polislərin onun əməliyyatına imkan vermədiyi və profilaktik müayinədən sonra geri gətirdikləri, daha sonra isə inzibati həbs aldığı iddia edilir. Əsl səbəb kimi isə o göstərilir ki, Salyanda guya hansısa qıza təcavüz olayı baş verib, buna görə rayonun polis işçisinə qarşı şübhələr yönəlib və “bu ədalətsizliyə” etiraz edən Ə.Salayevdən qisas alınıb.

Sosial şəbəkədə yayılan və sürətlə tirajlanan, Əlizamin Salayevin “rəsmi müraciətinə” əsaslandığı bildirilən bu məlumatlardan yalnız birinə toxunub, mabədə keçək: tibbdən ibtidai sinif şagirdi səviyyəsində anlayışı olan hər kəsə məlumdur ki, “qrija partlaması” olduqca təhlükəli bir məsələdir. Yəni “qrija” daxildə partlayırsa, zəhər sürətlə orqanizmə yayılır və bir neçə dəqiqə ərzində tibbi müdaxilə olmazsa, həmin şəxs ən geci 2 saata dünyasını dəyişir.

Əlizamin Salayev partlaq “qrija” ilə neçə gündür necə cəza çəkir?

Əslində bu yalan bütövlükdə tirajlanan məlumatı ciddi şübhə altına alır, amma əsas sensasiya qarşıdadır…

Əlizamin Salayev kimdir?

Axar.az Əlizamin Salayevlə bağlı olduqca önəmli məlumat əldə edib. Müəyyənləşdirdik ki, əsl adı Zamin olan 44 yaşlı bu adam Salyan şəhərində yaşayır və şəhərdə hamı bunu əyyaş və əqli cəhətdən xəstə biri kimi tanıyır.

Fərarilik və xuliqanlıq etdiyinə görə 2 dəfə məhkum olunmuş Zamin Salayev əvvəllər DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin uzun illər rəisi işləmiş, hazırda təqaüddə olan Sevindik Səfərovun bacısı oğludur.

Sevindik Səfərovun vəzifədə olduğu zamanlarda Zaminin qılıncının dalı da, qabağı da kəsirmiş, dayısının vəzifəsindən və adından istifadə edib, yaxşı maddi imkan da əldə edib. Dayısı təqaüdə göndəriləndən sonra Zamin də “göylərdən” yerə enməyə məcbur olub və… dərhal da AXCP-nin yeminə çevrilib. İradəcə zəif, içkiyə meyilli Zaminin maddi imkanı cəbhəçilərin “diqqətini” çəkib.

Bəs Zamin Salayevin polisə qarşı aqressiyası haradan qaynaqlanır?

Sevindik Səfərov təqaüdə getsə də, dayısının oğlu Seymur Səfərov daxili işlər orqanlarında xidmət edirdi. O, çox istəyirdi ki, dayısından sonra dayısı oğlu da yüksək vəzifə tutsun və o, əvvəlki günlərinə qayıtsın. Seymurun özü də tutduğu vəzifələrlə kifayətlənməyib həmişə daha yüksək vəzifə iddiasında olub. Amma iddiaları ilə bacarığı üst-üstə düşməyib, o dərəcədə ki, hətta üzərinə düşən vəzifəni də layiqincə yerinə yetirmədiyindən daxili işlər orqanlarında xidmətdən tamamilə kənarlaşdırılıb. Məhz bundan sonra Z.Salayevin polisə qarşı aqressiyası yaranıb. Vaxtaşırı dayısının illərlə yüksək vəzifələrdə işlədiyi daxili işlər orqanlarına qarşı çıxışları ilə gündəmə gəlib, nəhayətdə isə Salyan Rayon Polis Şöbəsinin əməkdaşını “hansısa qızı zorlamaqda” günahlandırıb. Qız kimdir və niyə onun hüquqlarını doğmaları deyil, Zamin Salayev qoruyası olur – bu ayrı sualdır.

Olay isə Zamin və yaxud Əlizamin Salayevin sərxoş vəziyyətdə qəsdən ictimai asayişi pozması ilə dramatikləşib. Polisin tələbinə cavab olaraq, hüquq-mühafizə orqanlarını ağır təhqirlərə qonaq edib, tələblərə tabe olmayıb və nəticədə saxlanılaraq, inzibati qaydada həbs edilib.

Zəruri olaraq qeyd edək ki, Zamin-Əlizamin Salayevi “yaxşıca” müdafiə etmədiyi üçün müxalif siyasilər belə sosial şəbəkələrdə ağır şəkildə təhqir edilir.

Görünür, müxalif siyasilər Zamin-Əlizaminin kim olduğunu yaxşı bilirlərmiş…

Rəylər