Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadının ailə üzvləri karantinə alındı

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində koronavirusun təsdiqləndiyi 63 yaşlı azərbaycanlı qadının üç ailə üzvü – övladı, həyat yoldaşı və nəvəsi karantinə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, qadın Tbilisi sakinidir.
Onun COVID-19-a şəhərdə çalışdığı bazarda yoluxduğu ehtimal edilir.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxeti bölməsindən verilən məlumata əsasən, qadın ailə üzvləri ilə birgə iki gün öncə Tbilisidən kəndə yas mərasimində iştirak üçün yollanıb. O, kəndə çatan günün axşamı özünü pis hiss edib və Telavi xəstəxanasına müraciət edib.
Azərbaycanlı qadın hazırda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında müalicə olunur.
Qeyd edək ki, Kaxeti “yaşıl zona” elan olunub. Bu bölgədə indiyədək koronavirusa yoluxma halı qeydə alınmayıb.
Rəylər