Koronavirusun ölümcül təhlükəli xüsusiyyəti açıqlandı

SARS-CoV-2 virusunun yoluxmuş hüceyrələrdə zülal sintezini pozan, bununla da immun sistemə qarşı fəaliyyət göstərən mexanizmi öyrənilib.

İnfeksiyanın təhlükəli xüsusiyyətlərinin səbəbləri barədə Münxen Universiteti və Ulm Universiteti Xəstəxanasından olan alman elm adamları “Science” jurnalında məqalə dərc ediblər.

Məlum olub ki, patogen mexanizmdə əsas rolu “Nsp1” virus zülalı oynayır. O, SARS-CoV-2 virusunun hüceyrələri ələ keçirməsinə və çoxalmasına kömək edir: “Nsp1”, “mRNT”nin ribosomlara bağlanmasını və sonrakı zülal sintezini təmin edən “40S ribosomal subvahidi” ilə əlaqəyə girir, bununla da onun “mRNT”yə qoşulmasının qarşısını alır. Beləliklə, zülal sintezi dayanır. Bu isə bədənin infeksiyaya qarşı əsas müdafiə sistemlərindən birinin tam sıradan çıxmasına səbəb olur.

“Nsp1” səbəbindən əhəmiyyətli siqnal kaskadı işləməyi dayandırdığı üçün anadangəlmə immun reaksiya artıq cavab vermir. İbtidai immunitetin pozulması isə “sitokin fırtınası” da daxil olmaqla xəstələrdə digər ölümcül simptomların inkişafına səbəb olur.

Alimlər koronavirusu zərərsizləşdirmək üçün mümkün yanaşmalardan birinin “Nsp1”in “ribosomal subvahid”lə əlaqəsinə maneə törədən dərmanın yaradılmasının ola biləcəyinə inanırlar.

Rəylər