Bu il 90 min insan ödənişli ictimai işlə təmin ediləcək

“Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bütün bunlar bizim siyasətimizi göstərir. Sosial sahədə digər önəmli layihələr də icra edilir. Özünüməşğulluq proqramı – insanlara imkanlar yaradılır ki, onlar öz ailələrini dolandıra bilsinlər və dövlətin yardımından asılı olmasınlar. Bu il bu işlərə 12 min insan cəlb olunacaq, 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək”.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bu və digər sosial layihələrdən danışıb.

“DOST xidmətinin fəaliyyətə başlaması həm ideya, innovasiya, siyasət, eyni zamanda, vəsait tələb edir. Sirr deyil ki, bizim vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur. Təsəvvür edin, əgər bizim neft-qaz kəmərlərimiz olmasaydı və xarici şirkətlər Azərbaycan neft-qaz sənayesinə milyardlarla dollar pul qoymasaydılar, biz indi nəyin hesabına yaşayacaqdıq? Bu səviyyədə yaşaya bilərdikmi? Əlbəttə ki, yox. Öz haqlı işimizi beynəlxalq arenada bu dərəcədə müdafiə edə bilərdikmi? Əlbəttə ki, yox. Ona görə Ulu Öndərin xalq qarşısında xidmətləri arasında bu sahə xüsusi yer tutur. Biz məhz bunun hesabına bu gün valyuta ehtiyatları yaratmışıq, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiya qoyuruq. Biznes, özəl sektor buna görə inkişaf edir”, – deyə dövlət başçısı vurğulayıb.

Rəylər