Osmanqızı və digərləri növbəti dəfə öz kimliklərini xalqımıza nümayiş etdirmiş oldular

Məlum olduğu kimi, 12 iyul hərbi təxribatları nəticə verməyən Ermənistan hakimiyyəti Azərbaycana qarşı “əsas silahlarını” aktivləşdirdi. Belə ki, düşmənlərimiz yenidən “sapı özümüzdən olan baltaları”, yəni “beşinci kolon” nümayəndələrini “hərəkətə gətirdi”. Artıq günlərdir ki, xaricdəki antimilli şəbəkə və onların ölkəmizdəki tör-töküntüləri sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücuma keçməyə cəhd göstərir. Əslində, burada təəccüblənəsi hal yoxdur. O mənada ki, illərdir Azərbaycanın milli maraqlarına qarşı xəyanətkar mövqe tutan Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimilərinin növbəti dəfə ermənilərin tapşırığı ilə, eyni tezislər əsasında bəyanatlar verməyə və çıxışlar etməyə başlaması onların ermənipərəst mahiyyətindən irəli gəlir. Qeyd edilməlidir ki, bu ünsürlərin ermənidən artıq ermənilik nümayiş etdirməsinin arxasında, məhz onların xalqımızın və ölkəmizin düşmənləri ilə olan işbirlikləri, maddi əməkdaşlığı dayanır. Məsələ ilə bağlı SİA-ya açıqlamasında millət vəkili Azər Badamov Azətbaycan xalqının bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan antimilli ünsürlərin əsl riyakar, xain mahiyyətini gördüyünü deyib.

Millət vəkili qeyd edib ki, 12 iyul təxribatlarında uğursuzluğa düçar olmuş Ermənistan rəhbərliyi, dünya erməni diasporası himayədarlıq etdikləri erməni terror təşkilatlarına azərbaycanlıların dinc aksiyalarına müdaxilə etmək, insanlara fiziki təzyiq göstərmək tapşırığı veriblər. Bəzi “beşinci kolon” nümayəndələri də, məhz ermənilərlə sinxron hərəkət edərək Azərbaycanın haqq səsini, erməni təcavüzünü dünyaya çatdırmaq istəyən dinc aksiyaçıları “xuliqan” adlandırırlar: “Bu həmin insanlardır ki, ən kritik anlarda hər zaman dövlətə, xalqa xəyanət yolunu tuturlar. Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digərləri növbəti dəfə öz kimliklərini Azərbaycan xalqına nümayiş etdirmiş oldular. Ermənilərin hazırladıqları tezislərə əsaslanaraq bəyanatlar verən, sosial şəbəkələrdə çıxışlar edən belələri Vətən xainləridirlər”.

Müəllif: Ceyhun Rasimoğlu
Rəylər