Azərbaycanda yaşlı ər-arvadı vəhşicəsinə döyüb 17 manatlarını oğurladılar – VİDEO

Şamaxıda yaşlı ər-arvadı vəhşicəsinə döyərək oğurluq edən şəxslər saxlanıb. Məlum olub ki, onlar evdə 22 min ABŞ dolları olduğunu zənn ediblər. Amma real vəziyyət onların düşündükləri kimi olmayıb.
Bir-neçə gün əvvəl baş verən hadisənin təfərrüatı məlum olub. 3 nəfər yeyib-içdikdən sonra Şamaxı şəhər Hüseyn Ciddi küçəsi, ev 11 ünvanında yaşayan yataq xəstəsi 80 yaşlı Polad Niyazov və onun 72 yaşlı həyat yoldaşı Zərifə Niyazovanın evinə gedərək onları vəhşicəsinə döyüb və pul tələb ediblər.
Aparılmış istintaqla müəyyən edilib ki, hadisəni törədənlər Şamaxı şəhər sakinləri – 21 yaşlı Elxan Heybətov, 28 yaşlı Pərvin Həmidov və 35 yaşlı Valeh Pənahovdur. Rayon polis şöbəsinin müstəntiqi Mirxalid Kazımov bildirib ki, onlar evə 22 min ABŞ dolları götürmək üçün giriblər. Həmin məbləğdə pulu tapa bilmədiklərinə görə yaşlı ər-arvadı döyərək onlarda olan 17 manatı və 2 ədəd telefonu götürərək qaçıblar.
Saxlanan şəxslərdən Pərvin Həmidov döyülən yaşlıların qohumudur. Evə girmək ideyasını o irəli sürüb. Belə ki, Pərvin Həmidov evdə 22 min manat pulun olduğunu bildirib və oğurluğa qərar verilib. Həmin şəxslər yeyib-içdikdən sonra çirkin niyyətlərini reallaşdırmaq üçün evə girərək yaşlı ər-arvadı döyüblər.
Hazırda faktla bağlı cinayət işi açılıb. Hadisəni törədənlər barəsində Şamaxı rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rəylər