“Qarabağ”ın hücumçusu: “Region klublarını Premyer Liqada görmək istərdik”

“Bizim üçün rəqibin kimliyinin fərqi yoxdur”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Kubokunun 1/4 final mərhələsindəki potensial rəqibləri barədə danışarkən deyib.

1/8 final mərhələsinin hazırda davam edən “Turan Tovuz” – “Qəbələ” matçının qalibi növbəti raundda Ağdam klubu ilə qarşılaşacaq. 24 yaşlı forvard I Divizion təmsilçilərinin Premyer Liqa klublarına ciddi müqavimət göstərdiyini bildirib: “Dünən “Zaqatala”nın göstərdiyi oyun çox xoşuma gəldi. Region klublarını yüksək dəstədə görmək istəyərdik”.

Premyer Liqanın XIV turunda “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşma barədə də fikirlərini bölüşən Azərbaycan millisinin forvardı çətin qələbə qazandıqlarını söyləyib: “Həm fasilədən sonra ilk rəsmi oyun idi, həm də hava şəraiti əlverişli deyildi. İlk hissədə qol vursaq da, öz oyunumuzu göstərə bilmirdik. İkinci yarıda qol buraxmağımıza baxmayaraq, topa daha çox sahib olduq, hücumlar qurduq. Qol epizodlarımız oldu, şükürlər olsun, sonda istədiyimiz qolu vura bildik. “Sabah” axırıncı yerdə olsa da, ciddi müqavimət göstərdi. Bu da ondan xəbər verir ki, çempionatda yaxşı rəqabət var və mövsüm asan keçməyəcək”.

Emreli yanvarın 28-də “Səbail”lə oynayacaqları ölkə çempionatının V turundan təxirə salınmış görüşə də toxunub. Futbolçu meydana 3 xal üçün çıxacaqlarını vurğulayıb: “Üzərimizdə xüsusi təzyiq yoxdur. Oyunlara normal qaydada hazırlaşırıq. Hər zaman məqsədimiz meydana çıxıb, öz oyunumuzu göstərmək və qalib gəlmək olub. Bunu böyük xal fərqi ilə lider olanda da etmişik. Qarşıdakı matçda da qələbə üçün oynayacağıq”.

Rəylər