Energetika Nazirliyi elektrik enerjisi istehsalı üzrə görülən işləri açıqlayıb

“Reabilitasiya” proqramı çərçivəsində enerji sistemdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, geniş miqyasda tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa işlərinin aparılması və zəruri avadanlıqların tədarükü davam edir.

Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, ümumilikdə 12 elektrik stansiyası, 20-dək yarımstansiyada yenidənqurma, təmir-bərpa, əsaslı təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir.

Bildirilir ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 ədəd enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istismara verilib. İl ərzində “Mingəçevir” SES-də bir sıra yenidənqurma işləri görülüb.

Belə ki, SES-də 4 saylı hidroaqreqat əsaslı təmir olunub, 5 saylı hidroaqreqatın sürət tənzimləyicisi, təsirlənmə sistemi, idarəetmə avadanlıqları və mühafizə qurğuları dəyişdirilərək yeni idarəetmə sisteminə keçirilib, 6 saylı hidroaqreqat yeni idarəetmə sisteminə keçirildikdən sonra işə qoşulub, 3 saylı hidroaqreqat cari təmir edilib. 3 saylı hidroaqreqatın su təzyiq borusunun 2 saylı kompensatorları əsaslı təmir olunub. 2 saylı hidroaqreqat əsaslı təmir olub.

Həmçinin hidroaqreqat və köməkçi avadanlıqlar yeni idarəetmə sisteminə keçirilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin hədəf indikatoru və ölkə enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı və Abşeronun elektrik enerjisi ilə təchizatının dayanıqlığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq məqsədilə gücü 385 MVt “Qobu” ES-in və 330/220/110 kV-luq “Qobu” yarımstansiyasının tikintisi ilə əlaqədar işlər davam etdirilir.

21 avqust 2020-ci il tarixində “Qobu” Elektrik Stansiyasının təməli qoyulub. “Qobu” ES-in ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib. “Qobu” ES-in şəbəkəyə inteqrasiyası məqsədilə EVX-nin tikintisi davam edir. 500 kV-luq “Abşeron” yarımstansiyasında tikinti-quraşdırma işləri, 220 kV-luq “Hövsan” yarımstansiyasında yenidənqurma işləri aparılır. 220 kV-luq “Böyükşor” yarımstansiyasının tikintisi başa çatdırılıb və 3×250 MVA gücündə 220/110/10 kilovoltluq “Böyükşor” yarımstansiyası, 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyası, 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib. 110 kV-luq “8-ci km” yarımstansiyanın tam yenidən qurulması başa çatdırılıb və 8 iyul 2020-ci il tarixində 2×63 MVA gücündə 110/35/10 kilovoltluq “8- ci km” yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib. 330 kV-luq “Yaşma” yarımstansiyasının yeni layihə sənədlərinə əsasən tam yenidən qurulmasına başlanıb. Yeni 120 MVt gücündə İdarəolunan Şuntlayıcı Reaktor və avadanlıqları gətirilmiş və quraşdırılıb. 10 kV-luq QPQ binası 3 tikilib. 330 kV-luq APQ-nin genişləndirilməsi ilə əlaqədar yeni quraşdırılan yuvalarda portallar, avadanlıqların metal-konstruksiyaları yığılıb. 330 kV 4 saylı EA-nın köhnə CT-ləri yeniləri ilə əvəz olunub.

Rəylər