Bakıda dayə işlədiyi evdən 75 min manatlıq qızıl oğurladı

Bakıda evdə oğurluq hadisəsi olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə yerləşən evlərin birindən 74 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daha sonra ev sahibi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Məmmədova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, S.Məmmədova həmin evdə dayə işləyib. O, mənzilə bələd olduğu üçün qızılların hara qoyulduğundan xəbərdar olub.

S.Məmmədova oğurladığı qızılları Sumqayıtda qızıl-alqı satqısı məntəqəsində satıb.

Faktla bağlı araşdırma aparılır.

Rəylər