Sürixdə yeni dərnək fəaliyyətə başlayıb

İsveçrənin Sürix şəhərində milli rəqslərimizin təbliği, xalqımızın mədəni irsini tanıtmaq və sevdirmək məqsədilə “Buta” rəqs dərnəyi fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, komitənin dəstəyi ilə fəaliyyətə başlayan dərnək “Azərbaycanın Dostları” Birliyinin nəzdində yaradılıb.

5-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş dərnəyin xoreoqrafi Azərbaycan Dövlət Rəqs Ansamblının keçmiş solisti Sonaxanım Əliyevadır.

İsveçrədə yaşayan soydaşlarımız dərnəyin fevral ayından başlayan fəaliyyətini böyük sevinc və maraqla qarşılayıblar. Buna görə də rəqs qrupuna yalnız Sürixdə deyil, İsveçrənin müxtəlif şəhərlərində yaşayan uşaqlar da qoşulublar. Həftəsonu keçiriləcək dərslər zamanı azərbaycanlı uşaqlara tariximizi və milli adət-ənənələrimizi əks etdirən rəqslər, bu sənətin özəllikləri tədris olunacaq.

Dərnəkdə böyüklər üçün də rəqs dərslərinin təşkili planlaşdırılır. Pandemiya ilə əlaqədar olaraq, böyüklər üçün dərslər yaz aylarında başlayacaq.

Rəylər