“Hayastan”ın Ermənistanda çirkli işləri – muzdluları kim maliyyələşdirib? – ŞƏRH

Ermənistan ianələrin hesabına mövcuddur. Bu ölkənin iqtisadiyyatından danışmaq sadəlövhlük olardı. Keçmiş SSRİ dövründə müttəfiq respublikalardan biri sayılan Ermənistana mərkəzi hakimiyyət hər il dotasiya verirdi. Özünütəminə görə də asılı respublikalardan sayılırdı. O vaxt Moskva Ermənistana yardım etmək məqsədilə müxtəlif zavodları bu ərazidə tiksə də, vəziyyət düzəlmədi. Bu respublika özünü təmin edən müttəfiqlərin büdcələrinin kəsilməsi, yaxud azaldılması hesabına mövcud oldu. Müstəqillik illərində ölkənin silahlı qüvvələrinin silah-sursatı və hərbi texnikası belə ya hədiyyədir, ya da ucuz qiymətə satın alınıb.

Dünya erməniləri Ermənistana yardım məqsədilə müxtəlif tədbirlər keçirərək ianə toplayırlar. Başqa sözlə, bu ölkə indi də ianələrin sayəsndə mövcuddur. Onlardan biri “Panerməni idman oyunları”dır. Bu tədbir 1999-cu ildən keçirilir. Ermənilər iddia edirlər ki, bu “oyunun” keçirilməsində məqsədləri Ermənistanla diaspor arasında birliyə nail olmaqdır. Ancaq həmin tədbirlərdə milyonlarla ianə də toplanır. Ermənilərin maliyyə yardımı topladıqları tədbirlərdən biri də “telemarafon”dur. Bu tədbiri Avropa ölkələri, ABŞ və Rusiyada hər il keçirilir. Belə tədbirlərdən milyonlarla ABŞ dolları məbləğində maliyyə vəsaiti toplanır. Məsələn, 2020-ci il noyabrın 27-də “Hayastan” Ümumerməni Fondu ABŞ-da keçirdiyi 23-cü telemarafonda bir gün ərzində 22 milyon 990 min 898 ABŞ dolları toplanıb. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildəki tədbirdə 9 milyon dollara yaxın maliyyə vəsaiti yığılmışdı. Noyabrın 22-də isə Fransada keçirilən tədbirdə 3 milyon dollar ianə toplanmışdı. Ermənilər bu ianələri müxtəlif məqsədlər üçün yığırlar. Uzun illərdir Azərbaycanın Qarabağ bölgəsindəki ermənilərə yardım adı altında ianə toplanır. Elə noyabrda keçirilən telemarafon da bu məqsəd üçün təşkil edilmişdi. Toplanan ianələri əsasən “Hayastan” fondu idarə edir. Ermənistan prezidenti Fondun Hamilər Şurasının başçısıdır. Bu fond Ermənistan prezidentinin fərmanına əsasən, 1992-ci ildə təsis edilib.

Son illərdə bu xeyriyyə fondunun adı müxtəlif qalmaqallarda hallanır. “Hayastan”ın ABŞ-ın qərb sahilləri yerli təşkilatının direktoru Sarqis Kotancanyan fondun hesabına toplanan vəsaitin təyinatı üzrə xərclənmədiyini etiraf edib. 2019-cu ildə Ermənistanın Auditorlar Palatası “Hayastan” Ümumerməni Fondunun fəaliyyətində 190 min dollar (89 mln. 942 min dram) məbləğində dələduzluq edildiyini aşkarlayıb. Yoxlama 2018-2019-cu il tarixində “erməni soyqırımı”nın “100-cü ildönümünə” həsr edilən tədbirlər çərçivəsində xərclərlə bağlı aparılıb. Məlumata görə, təşkilatın fəaliyyətində razılaşdırılmış konsertlərin təşkil edilməməsində, film çəkilməməsində və s. məsələlərdə pozuntular aşkarlanıb. 2018-ci ilin iyununda “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib. O, bir həftədə fondun bank hesabından qumarxanaya “onlayn” 29 min dollar (14 milyon dram) köçürüb. 2016-2018-ci illərdə isə bu rəqəm 250 min dollardan çox olub.

İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra da “Hayastan” fondunun bank hesabına ianələr köçürülüb. Toplanan ianələrin xərclənməsndə sui-istifadə hallarının olduğuna dair şübhələr yaranıb. Odur ki, Fondun Qəyyumlar Şurası martın 15-də açıqlama yayıb. Bildirilib ki, döyüşlər zamanı və ondan sonra son 6 ay ərzində fond 170 milyon dollar ianə toplayıb. Toplanan vəsaitin istifadəsini yoxlamaq məqsədilə bağlı beynəlxalq audit şirkətləri və başqa tərəflər cəlb ediləcək. Bununla fond “Hayastan”ın düşən nüfuzunu və etibarını bərpa etmək istəyir. Çünki 2020-ci ilin sentyabr-noyabr aylarında 8 milyon ABŞ dollarının hökumət məmurları tərəfindən qanunsuz olaraq fondun hesabından çıxarılması və nağdlaşdırılması barədə sosial şəbəkədə məlumatlar yayılmışdı. Ancaq “Hayastan” bildirib ki, toplanan maliyyə vəsaitinin 102 milyon dollarını dövlətin xəzinəsinə sosial, səhiyyə və hərbi vəziyyət rejimi şəraitində sərf edilməsi üçün köçürüb. Ancaq audit həmin maliyyə vəsatinin fondun hesabından çıxarıldığını təsdiqləməyib. Bundan başqa, fondun hesabındakı maliyyə vəsaitinin dövlət büdcəsinə köçürülməsi və hökumətin onu qəbul etməsi ölkə qanunlarına ziddir. Ermənistan Prokurorluğu, Milli Təhlükəsizlik Xidməti bu işlə bağlı açıqlama verməyib, özlərini araşdırma aparan kimi göstəriblər. Bu da cəmiyyətdə ciddi etiraza səbəb olub. Erməni ictimaiyyəti həmin maliyyə vəsaitinin dövlət büdcəsinə köçürülməsinə etiraz edərək bildirir ki, toplanan ianəni fond xərcləməli imiş.

Ümumiyyətlə, fond 30 ilə yaxındır fəaliyyət göstərir. Bu müddət ərzində onun fəaliyyətində qaranlıq məqamların olduğu müəyyənləşib. Fondun erməni kilsəsi ilə gizli maliyyə fırıldaqları olduğuna dair də məlumatlar yayılıb. Belə ehtimal etmək olar ki, “Hayastan” dünya ermənilərinin və onlara yaxın dairələrin “çirkli pullarını” yumaq üçün bir vasitədir. Bu deməyə əsas verir ki, fond təkcə Ermənistan hakimiyyətinin deyil, ayrı-ayrı dələduzların və maliyyə fırıldaqçılarının da işinə yarayır. Bu baxımdan “Hayastan” fondu xeyriyyədən çox, dələduzların işinə yarayır. Belə görünür quruma ianə adı altında köçürülən pulların mənşəyi məlum deyil. Ermənistan hakimiyyətinin həmin vəsaiti təyinatı üzrə xərcləyəcəyinə isə təminat da yoxdur. Həmin “ianə” ermənilərin terrorçu təşkilatlara da xərclənməsi ehtimalı az deyil. 44 günlük döyüşlər zamanı Ermənistan tərəfdən döyüşən muzdluların pulunun “Hayastan”ın vermədiyi hələ inkar edilməyib. Belə qənaətə gəlmək olar ki, fond xeyriyyə adı altında xeyirsiz işlərlə məşğuldur. Ehtimal etmək olar ki, cinayətlərə və cinayətkarlara çətir rolunda çıxış edir. Odur ki, “Hayastan” ianələri ilə Ermənistanı maliyyə asılılığından xilas edə bilmir.

Rəylər