DB: Azərbaycanda istehsal 2022-ci ilin sonunadək pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq

Azərbaycan iqtisadiyyatının bərpası tədricən olacaq, istehsal isə yalnız 2022-ci ilin sonuna qədər COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya (AMA) regionunun iqtisadiyyatı haqqındakı “Məlumat, Rəqəmsallaşma və İdarəetmə” (“Data, Digitalization and Governance”) hesabatında deyilir.

“Azərbaycanda peyvənd təşəbbüsünün erkən başlanması və münaqişədən sonrakı yenidənqurma işlərinə xeyli xərc çəkilməsi bərpa prosesinin əvvəl düşünüləndən daha sürətli reallaşa biləcəyini göstərir.

2021-ci ildə daxili tələbatın sürətlənməsi iqtisadi artımı dəstəkləyəcək, lakin bu, əhalinin sağlamlığının yaxşılaşdırılmasından və xərclərin artmasından asılı olacaq. Neft qiymətlərindəki artımın büdcə kəsirinin azalmasına səbəb olacağı və cari hesabın müsbət saldoya qayıtmasına kömək edəcəyi proqnozlaşdırılır”, – hesabatda bildirilir.

DB hesab edir ki, 2021-ci ildən sonrakı dövrdə, böyük struktur islahatları olmayacağı təqdirdə, iqtisadiyyatın bərpa tempinin neft hasilatının bərpasındakı gecikmələr və vergi-büdcə siyasətinin gözlənilən sərtləşdirilməsi (artan fiskal çağırışlar fonunda) səbəbindən orta səviyyədə olacağı ehtimal edilir.

“Ölkədə bahalaşma səbəbindən inflyasiyanın artacağı proqnozlaşdırılır və tələb də bərpa olunmağa başlayır. Hökumət maliyyə sektoruna dəstək tədbirlərini tədricən ləğv edir, bəzi banklarda kapital və rentabellik göstəricilərində, çox güman, azalma olacaq”, – DB ekspertləri düşünür.

Onların fikrincə, ortamüddətli perspektivdə iqtisadi artım proqnozunda pisləşmə riski qalmaqdadır: “Neft bazarında mövcud tarazlıq kövrəkdir və əsasən OPEC+ razılaşmalarından asılıdır. Bundan əlavə, pandemiyanın təkamülü hələ də qeyri-müəyyən olaraq qalır və peyvəndin yayılma sürətindən asılı olacaq. Nəhayət, yaxın gələcək üçün regional geosoyasi risklər yüksək olaraq qalmaqdadır”.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci ilin sonunda ÜDM-in 100%-ni təşkil edən böyük ehtiyatları iqtisadiyyatı bu risklərdən qorumağa kömək edəcək.

“Pandemiya nə qədər uzun sürərsə, onun təsiri də bir o qədər dərin və geniş olacaq, xüsusən də xidmət sektorundakı məşğulluq və əmək haqlarına təsir hiss olunacaq. Azərbaycanda bu yaxınlarda elan edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sistemli makroiqtisadi, struktur və idarəetmə məsələlərinin həlli üçün yenilənmiş uzunmüddətli öhdəliyi nəzərdə tutur. Bu problemlərin həlli iqtisadi artım, eləcə də davamlı və inklüziv inkişaf üçün yeni qeyri-karbohidrogen mənbələri aça bilər”, – hesabatda deyilir.

Rəylər