Azərbaycanın donor olduğu beynəlxalq təşkilatın prioritetləri açıqlandı – EKSKLÜZİV

“Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA Dünya Bankı Qrupuna daxildir) donoru olaraq ayırdığı vəsait qurumun bir sıra istiqamətdə layihələrinin reallaşması üçün əhəmiyyətli rol oynayır”.

Bunu “Report”a eksklüziv müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) Azərbaycanın da donorlardan biri olan IDA-in prioritetlərini şərh edərkən deyib.

S.Mayklın sözlərinə görə, IDA Dünya Bankına üzv olan kasıb ölkələr üçün daim əhəmiyyət kəsb edib:

“Amma bu il COVID-19 səbəbindən IDA-in əhəmiyyəti daha da artıb. Dünya ölkələrinin əsas hissəsini yoxsul ölkələrin təşkil etməsini nəzərə alaraq biz “IDA-2019” adlandırdığımız bəzi əsas prioritetləri elan etmişik, hansı ki, onun da bir hissəsi az gəlirli ölkələrdir.

Həmin prioritetlərin bir neçəsini sizə sadalaya bilərəm. İlk olaraq onu deyim ki, Azərbaycan üçün ötən il həm münaqişənin həlli, həm də pandemiyanın təsirlərinin aradan qaldırılması səbəbindən çətin il olub. Yəni dünyada Suriya, Yəmən kimi münaqişədən əziyyət çəkən ölkələrə IDA-19 fondlarında xüsusi diqqət yetirilir. Çünki belə münaqişə olan ölkələrdə böyük böhranlar baş verir.

Diqqət göstərdiyimiz digər sahə insanların xüsusilə də gənclərin yeni iş yerləri tapmasına dəstək olmaqdır.

IDA-19 bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da gender məsələləri səbəbindən iş tapmaq imkanı olmayan qadınların bu stresslərdən azad olmasını dəstəkləyir.

Həmçinin bildiyiniz kimi ötən il Azərbaycanda sərt iqlim nəticəsində müəyyən quraqlıq müşahidə edilmişdi. Məhz su çatışmazlığı kimi iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq bizim əsas prioritetlərdəndir.

Nəhayət IDA-in diqqət mərkəzində olan məsələlərdən biri də səhiyyə sahəsidir ki, ötən il koronavirus pandemiyasının sağlamlığın sığortalanmasının əhəmiyyətini göstərdi.

Azərbaycanın IDA-yə donor olması qürurverici haldır. Çünki Azərbaycanın ayırdığı vəsaitlərin əhəmiyyəti çox vacibdir və xüsusən də dünyanın ən yoxsul ölkələrinə təsir edir. Beləliklə bu maliyyə mənbəyi qürur mənbəyidir”.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırıb.

Dünya Bankının prezidenti David Malpass açıqlamasında bildirmişdi ki, 2020-ci ildə pandemiyadan əziyyət çəkən 60 yaxın yoxsul ölkəyə 12 mlrd ABŞ dolları civarında yardım ayırıb ki, bu yardımların bir hissəsi Azərbaycanın da donor olduğu IDA tərəfindən verilib.

Rəylər