Energetika Nazirliyi və tabeli qurumları I rübdə 2 010 müraciət qəbul edib

Bu ilin yanvar-mart aylarında Energetika Nazirliyi, onun tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində (AREA) istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi, təbii qaz təchizatı və digər məsələlərlə bağlı ümumilikdə 2 010 müraciətə baxıb.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciətlərin 1 023-ü elektrik enerjisi, 325-i təbii qaz təchizatı, 4-ü bərpa olunan enerji, 20-si istilik təchizatı, 638-i isə digər məzmunlu məsələlərlə bağlı olub.

Müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, borc və cərimələr, qazlaşdırma, sayğaclarda yaranan qüsurlar, icazələr, təşəkkür, işlə təminat və digər mövzuları əhatə edib.

Rüb ərzində 1 251 müraciəti Energetika Nazirliyi və tabeliyindəki qurumlar müvafiq qaydada araşdıraraq cavablandırıb, 454 müraciət hazırda icradadır, 305 müraciət isə məlumat xarakterlidir.

Hesabat dövründə Energetika Nazirliyinin sosial şəbəkələrdəki hesabları vasitəsilə 30 müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular cavablandırılıb, şikayət tipli müraciətlər isə aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib və bu barədə vətəndaşlara məlumat verilib.

Rəylər