Ruslan Əliyev: “Gündəlik qaz xətlərinə qanunsuz qoşulmalarla rastlaşırıq”

“Demək olar ki, gündəlik qaz xətlərinə qeyri-qanuni qoşulma halları ilə rastlaşırıq. Baxış keçirilir, aşkarlanır və ləğv olunur”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, bir çox hallarda isə ləğv edilmədən bir qədər sonra həmin yerdə təkrar qoşulma üzə çıxır: “Yəqin, bilirsiniz, bu sahədə bizim hüquqi baxımdan daha ciddi tədbirlər görməyə imkanlarımız məhduddur. Əlacımız bu halları tapmaq və aradan qaldırmaqdır”.

R.Əliyev bildirib ki, növbəti belə fakt Abşeron rayonu, Mehdiabad qəsəbəsində aşkarlanıb: “Hörmətli abonentlər, siz də bu cür durumdan xəbərdar olanda bizi məlumatlandırın, qoy ictimai qınaq yaransın. Əks halda, qazdan normal şəkildə istifadə edən abonent də əziyyətə qatlaşmalı olur. Bu gün yaxşı vəziyyətdə qaz alır, sabah bir qanunsuz qoşulma onun da təminatını korlayır”.

Rəylər