AERA ötən ay elektrik enerjisi ilə bağlı 18 qanunsuzluq və xəta aşkar edib

Apreldə yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən 23 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.

Bu barədə “Report” Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) istinadən xəbər verir.

Məlumata görə, müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 34 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb. Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid layihə sənədinin razılaşdırılmasından imtina olunub.

Həmçinin 64 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 320 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 9 layihə sənədinin razılaşdırılmasından imtina olunub.

Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib. Agentlik tərəfindən 16 inzibati xəta haqqında protokol tərtib edilib və 20 qərar verilib. “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 11 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentlik texniki yoxlamalarla da bağlı məlumat verib. Belə ki, qeyd edilən dövrdə elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 15 texniki yoxlama aparılıb;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 14 texniki yoxlama aparılıb.

Agentliyə müraciət edən 15 müəssisədə elektrik təsərrüfatına cavabdeh 88 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

17 “ASAN xidmət”, 2 “ASAN Kommunal” mərkəzi və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 266 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Rəylər