Azərbaycanlı jurnalistlər Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər

Türkiyənin Ankara şəhərində təlimdə iştirak edən azərbaycalı jurnalistlər Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.

“Report”un xəbərinə görə, ziyarət zamanı M.Ə.Rəsulzadənin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

Xatırladaq ki, təlimin ilk günündə azərbaycanlı jurnalistlər Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin (MEDİA), “Anadolu” Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.

Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat veriləcək. Təxminən 60 faizi praktiki hissədən ibarət olacaq dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçiriləcək. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər.

Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Təlimdə “Report” İnformasiya Agentliyinin əməkdaşı da iştirak edir.

Rəylər