“YAŞAT” düşərgəsi başa çatıb

Lənkəranda “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsi başa çatıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, 2021-ci ilin 12 iyul tarixindən başlayan düşərgə ümumilikdə 300-dək uşağı əhatə edib.

6 yaş qrupu üzrə təşkil olunan hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib. Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub.

Düşərgə boyunca uşaqlar sığortalanıblar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunublar. Psixoloqlar tərəfindən müxtəlif terapiyalar keçirilib, o cümlədən fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilib və Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

Rəylər