Nazirlik susur, tələbələrin narazılığı böyüyür – Təhsillə bağlı suallar cavabsız qalıb

Yeni təhsil ilinə sayılı günlər qalmasına baxmayaraq, dərslərin hansı formada keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilmir.

Xəbər verdiyimiz kimi, sentyabrın 15-dən etibarən yeni tədris ilinin başlanılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən qərar verilib. Amma məktəb və universitetlərdə tədrisin əyani və yadistant formada olacağı barədə rəsmi məlumat verilməyib. Bu da, xüsusən, rayonlarda yaşayan tələbələr üçün problem yaradır. Onlar sosial şəbəkələrdəki müxtəlif təhsil səhifələrində oxuduqları təhsil müəssəsinin olduğu şəhər və ya rayonda kirayə mənzil tutması üçün vaxt azlığı problemi yaşadıqlarını bildirirlər.

AZXEBER.COM məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndinin fikirlərini öyrənib. O, qeyd edib ki, təhsilin hansı formada başlayacağı qərarının gecikməsi vətəndaşları narahat edir: “Artıq dərslərin başlamasına sayılı günlər qalır. Amma təxmini iki həftə qalmasına baxmayaraq, aidiyyatı qurumlar dərslərin hansı formada keçirilməsi ilə bağlı ictimaiyyətə məlumatın vermir. Bu da təbii ki, xüsusilə rayonlarda yaşayan, hansı ki, Bakı şəhərində təhsil alan və ya bölgələrdə təhsil alan vətəndaşları narahat edir. Çünki onlar ən azından dərslərin ənənəvi qaydada başlamasını nəzərə alıb müvafiq olaraq təhsil alacaqları ünvanlarda kirayə mənzil axtarırlar. Bunun üçün də vaxt lazımdır. Bununla yanaşı, valideynlər övladları üçün məktəb geyimləri, ləvazimatları, həmçinin ali təhsil müəssisələrinin tələbələri də özləri üçün müvafiq olaraq geyim və ya lazımi vəsaitlər almalıdırlar. Bütün bunların hamısı dərslərin hansı formada başlayacağını ictimaiyyətə elan edilməsi üçün vacibdir. Ən azından bu həftənin sonu və ya növbəti həftənin əvvəli bu haqda məlumatın verilməsi labüddür”.

Ekspertin sözlərinə görə ənənəvi təhsil gec olmadan bərpa edilməlidir: “Fikrimcə, dərslərin ənənəvi qaydada tədrisi daha məqsədəuyğundur. Çünki biz online tədris sisteminin 2019-2020-ci tədris ilinin ikinci yarsı, eyni zamanda 2020-2021-ci tədris ilində yuxarı sinif şagirdlərinin, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri üçün doğru şəkildə aparılmadığınımüşahidə etdik. Onlardistantformadatəhsildən yararlana bilmədilər. Distant təhsil aşağı sinif şagirləri üçün də ürəkaçan nəticələr vermədi. Bütün bunları müvafiq imtahan və qiymətlər zamanı gördük. Ona görə də, biz ənənəvi təhsili gec olmadan bərpa etməliyik. Yəni, sentyabrdan etibarən dərslər ənənəvi başlamalıdır. Çünki distant təhsil üçün internet, kompüter, planşet və bu kimi problemlər gördük. Biz təhsilin əlçatanlığını yalnız ənənəvi təhsildə görürük”.

Ekspert təhsilin ənənəvi qaydada başlaması üçün təkliflərini də verib: “Ənənəvi təhsilin başlaması üçün ötən illə bu ili müqayisə etsək, bu il imkanlar kifayət qədər genişdir. Çünki təhsil işçilərinin çoxu artıq vaksinasiya olunub. Eyni zamanda ölkə əhalisinin xeyli hissəsi birinci doza vaksini, müəyyən hissəsi də hər iki dozanı qəbul edib. Amma ötən il bunlar yox idi. Bununla yanaşı, xüsusi şərtlər daxilində ənənəvi tədrisi bərpa etmək olar. Yəni izoliyasiya qaydalarına əməl etməklə, auditoriyada şagird və tələbələrin ayrı-ayrı oturması, qoruyucu maskalardan istifadə etməsi və s. şərtlər daxilində ənənəvi təhsili bərpa etmək olar”.

Rəylər