Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin azaldılmasının səbəbi açıqlanıb

Maliyyə naziri Samir Şərifov gələn il Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,4 % az – 3,566 milyard manat nəzərdə tutulmasına münasibət bildirib.

“Report” xəbər verir ki, o, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində danışıb.

“Bu vəsait ilk növbədə 2020-ci ilin icra göstəriciləri ilə müqayisədə 453 milyon manat və yaxud 14,6% çoxdur. Bu ilin təsdiq olumuş proqnozu ilə müqayisədə azalma isə büdcənin sosial müdafiə və sosial təminatla bağlı öhdəliklərin qarşılanması üçün ayrılan vəsaitlərin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin azaldılması hesabına deyil, növbəti ildə əməkhaqqının artımı hesabına məcburi dövlət sosial sığorta haqqı üzrə artımın olacağı ilə bağlıdır. Ölkə prezidentinin tapşırığı ilə maaşların artırılması nəzərdə tutulub, bu, həm də sosial yığımları artıracaq və son nəticədə DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün dövlət büdcəsindən nisbətən az vəsaitin ayrılmasına ehtiyac olacaq”, – nazir deyib.

Rəylər