BP: SWAP layihəsi çərçivəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılıb

BP şirkəti Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsi çərçivəsində ikinci geoloji-kəşfiyyat quyusunun qazmasına başlayıb.

Bu barədə “Report”a layihəsinin operatoru olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

“Qazma əməliyyatlarının təqribən dörd aya bitməsi planlaşdırılır. Bundan sonra əgər qiymətləndirmə işləri aparmaq lazım gələrsə, kollektor haqqında əlavə məlumat toplamaq üçün qazma əməliyyatlarının daha bir ay davam edəcəyi də gözlənilir”, – məlumatda deyilir.

İkinci geoloji-kəşfiyyat quyusunu qazmaq üçün “Satti” özüqalxan qazma qurğusu Bibiheybət perspektiv sahəsinə keçirilib.

Bildirilir ki, qazma qurğusunun bundan əvvəl qazma əməliyyatları həyata keçirdiyi Şimal Xali sahəsindəki ilk kəşfiyyat quyusu ilkin layihə və plana uyğun olaraq bağlanıb.

İkinci kəşfiyyat quyusunun qazma işləri Abşeron Yarımadasının Dayazsulu Hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 km aralı suyun dərinliyi təqribən metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4 400 metrə çatacağı planlaşdırılır.

BP Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatordur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25 % iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR – 50 % və “Lukoil” – 25 %.

Rəylər