İqor Korotçenko: “Rusiya Azərbaycanın uğurlarından məmnundur”

Rusiyalı hərbi ekspert İqor Korotçenko Prezident İlham Əliyevin Azərbaycanın müasir inkişafına verdiyi töhfələrdən danışıb.

“Report” xəbər verir ki, Azərbaycan – Rusiya münasibətləri, müasir Azərbaycanın inkişafında Prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn “dəyirmi masa”da iştirak edən ekspert Azərbaycanın dövlət başçısını qarşıdan gələn yubileyi münasibətilə təbrik edib: “Bu gün dünyanın böyük siyasi xadimləri siyahısında olan İlham Əliyev Qarabağ müharibəsində qalib gələrək ölkəsinin ərazi bütövlüyünü bərpa edib”.

Bununla yanaşı, Azərbaycanı böhrandan çıxaran, hərcmərclik girdabından xilas edən ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan İ.Korotçenko deyib ki, onun layiqli övladı İlham Əliyev rəhbərlikdə olduğu illər ərzində bütün sahələrdə firavan ölkə yaradıb.

“İlham Əliyev səmərəli iqtisadiyyat qurub, yeni enerji layihələr həyata keçirib. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısıdır. 44 günlük müharibə Azərbaycan ordusunun qüdrətini, peşəkarlığını əyani göstərib, Şuşa əməliyyatı isə dünya hərb tarixinə həkk olunacaq. Azərbaycan ən mühüm siyasi proseslərin gedişatını təyin edir. Rusiya Azərbaycanın uğurlarından məmnundur. Azərbaycan bizim əsas strateji tərəfdaşıdır”,- o bildirib.

Rəylər