Rusiyalı ekspertlər: “Minsk qrupunun yenilənməsi qeyri-mümkündür”

“İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyət kökündən dəyişib. Hazırda nisbi sakitlik davam edir, Azərbaycan, Ermənistan, Rusiya liderlərinin Qarabağla bağlı birgə bəyanatlarındakı müddəaların həyata keçirilməsinə dair işlər görülür. Digər tərəfdən, münaqişənin həllində vasitəçiliyi nəticəsiz qalmış ATƏT-in Minsk qrupunun sonrakı taleyi hələ də müəmmalıdır”.

Bunu “Report”a rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi rəhbəri Anton Bredixin deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun gələcəyi yoxdur: “Hazırda daha dəqiq, səmərəli olan başqa platformlar var. ATƏT-in Minsk qrupuna dair məsələ aydındır, bu qurum Qarabağ məsələsini həll etmədi və öz yararsızlığını göstərdi. Minsk qrupunun fəal iştirakçısı olan ABŞ və Qərb ölkələri bütün bu illər ərzində heç bir nəticəyə gəlmədilər. İndi də keçmişin səhvlərini təkrar etmədən gələcəyə baxmaq lazımdır”.

Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupunu istifadə etmək üçün yeni imkanlar axtarması mənasızdır: “Daha səmərəli platformlar var. Məsələn, Azərbaycan, Ermənistan, Rusiya liderlərinin birbaşa dialoqu, yaxud regionun inkişafını təmin edəcək 3+3 platformu bunlardandır”.

Onun fikrincə, Cənubi Qafqazda aktorların sayı nə qədər az olsa, problemlər bir o qədər səmərəli şəkildə həll olunacaq.

Rusiyalı ekspert, iqtisad elmləri doktoru, Sankt Peterburq Dövlət Universiteti profesoru Stanislav Tkaçenko da ATƏT-in Minsk qrupunu yeniləməyin mümkün olmadığını bildirib.

O deyib ki, Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi mərhələsi müvəffəqiyyətlə başa çatdırılıb: “İrimiqyaslı hərbi əməliyyatların yenidən başlaması təhlükəsi artıq yoxdur. Azərbaycan və Ermənistanın normal əlaqələri bərpa etməkdə artan marağı buna zəmanətdir. Münaqişə nəticəsində viran qoyulmuş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması kimi məsələləri həll etmək üçün müəyyən ölkələr bir araya gələ bilər. Belə ki, bu cür irimiqyaslı işlər indiki ATƏT kimi səlahiyyəti və imkanları qeyri-müəyyən olan təşkilatın “xörəyi” deyil. Həmçinin bu gün tamamilə suveren dövlət olan Azərbaycanın öz ümummilli məsələsini başqalarına həvalə etməsi üçün heç bir əsas da yoxdur”.

Rusiyalı ekspertin sözlərinə görə, Azərbaycanın mövcud maliyyə imkanları azad edilmiş ərazilərdə təməl infrastrukturu bərpa etmək, yerli və əcnəbi iş adamları üçün əlverişli işgüzar mühiti bərqərar etmək üçün kifayətdir: “Hərçənd hazırda ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər bu bərpa işlərində iştirak etmək istəsə, təqdirəlayiq olardı”.

Rusiyalı ekspertin fikrincə, Azərbaycan ilə Ermənistan arasında gələcək sülh sazişinin ATƏT, MDB, yaxud hazırda yaradılmaqda olan 3+3 formatı çərçivəsində razılaşdırılacağı o qədər də mühüm deyil, çünki bütün hallarda məsələnin tərəfləri məhz Azərbaycan və Ermənistan olacaq.

Rəylər