Gürcüstanda itkin düşən azərbaycanlı iki aydan çoxdur tapılmır

Gürcüstanda iki aydan çoxdur itkin düşmüş azərbaycanlı, Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kənd sakini Nazim Nəbiyevdən indiyədək xəbər yoxdur.

Bu barədə “Report”un yerli bürosuna kənd sakinləri bildiriblər.

Onların sözlərinə görə, polis 42 yaşlı soydaşımızın axtarışları ilə bağlı hər hansı dəqiq məlumat təqdim etmir. Polisdən N.Nəbiyevin izinə düşməyin hələ mümkün olmadığını söyləyiblər.

Xatırladaq ki, N.Nəbiyev yanvarın 4-də mal-qara almaq məqsədilə üzərində 32 min lari (17 324 manat) pulla evdən çıxıb.Yaxınları onun itkin düşməsini pulla əlaqələndirirlər. Soydaşımızın tapılması tələbi ilə Yormuğanlı sakinləri kənddə və Tbilisidə aksiyalar keçiriblər.

Rəylər