Gürcüstanın azərbaycanlı gəncləri ali məktəblərdə dövlət dilinin ödənişsiz tədrisini tələb edirlər

Gürcüstanda azərbaycanlı gənclərin təmsil olunduğu “Salam” platforması “#GürcüDiliniPulsuzÖyrət” kampaniyasına başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sosial şəbəkələrdə aparılan kampaniyada milli azlıqlar üçün nəzərdə tutulmuş “1+4” proqramı çərçivəsində gürcü dili üzrə birillik hazırlıq kursunun ödənişsiz olması tələb edilir.

Təşkilat üzvləri dövlət universitetlərində hazırlıq kursuna görə 2 250 larinin (1 245 man) ödənilməsini ədalətsiz hesab edirlər.

Onların sözlərinə görə, heç bir ölkə öz vətəndaşlarından dövlət dilində təhsil almaq üçün pul almamalıdır:

“Gürcüstanda vətəndaş bərabərliyinə və millətlərarası həmrəyliyə nail olmaq üçün dövlət dilini bilmək çox vacibdir. Biz – Gürcüstanın qeyri-dominant etnik və dini qruplarından olan gənclər bəyan edirik ki, gürcü dilini sərbəst, keyfiyyətli və ödənişsiz öyrənmək istəyirik”.

“Salam”da hesab edirlər ki, 2010-cu ildən həyata keçirilən proqramın islahat və yenilənməyə ehtiyacı var.

Azərbaycanlı gənclərin kampaniyasını dəstəkləyənlər arasında digər etnik azlıqların nümayəndələri və gürcülər də yer alıb.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1 072 nəfər azərbaycanlı abituriyent daxil olub. Onların 1 033-ü “1+4” proqramı üzrə qəbul olunub.

Xatırladaq ki, tətbiqinə 2010-cu ildən başlanılmış “1+4” proqramı xüsusi olaraq Gürcüstanda yaşayan milli azlıqlar üçün hazırlanıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsi üzrə təhsil almaq imkanı əldə edirlər.

Rəylər