İlham Şaban: “SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazara tətbiq etməyə hazırlaşır”

Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazardakı daha çoxsaylı müəssisələrin idarəçiliyində tətbiq etməyə hazırlaşır.

Bunu “Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, SOCAR neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən emal müəssisələrinin “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilməsi ilə bağlı atdığı addımı bütün istehsal müəssisələrinin dayanıqlı, stabil xam mal təhcizatının yaxşılaşdırılması üçün edilir:

“SOCAR-ın emal müsisələrinin “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesi digər tərəfdən, istehsal edilən yarımfabrikat və məhsulların bazarda rəqabətə davamlığını təmin etmiş olacaq”.

Ekspert deyir ki, SOCAR bu istehsal obyektlərinin birinin xam mal, digərinin yarımfabrikatçı şəklində çıxış edən istehsalçılar arasında əlaqələrin vahid idarəçilikdə birləşdirilməsini ortaya qoyur: “Bundan öncəki təcrübəni nəzərə alaraq, ayrı-ayrılıqda hər bir müəssisə fəaliyyət göstərərkən, heç də qarşıya qoyulan məqsədlərə çatmaq və əldə edilən nəticənin arzuolunan səviyyədə təmin edilməsi mümkün olmurdu. Adi bir misal çəkim. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirə dayanır və yaxud işində fasilələr yaranmış olur. Neft emalı zavodu “Azərkimya” İstehsalat Birliyinə və ya “SOCAR Polymer”ə vermək üçün kifayət qədər nafta istehsal edə bilmir. Nəticədə həmin zavodların istehsalı ya dayanır, ya da istehsal aşağı düşür. Yaxud da bu zavodlar bu adda məhsulu idxal etmək məcburiyyətində qalırlar”.

İ. Şaban deyir ki, bu cür vahid ümumi idarəetmə sistemi isə ona hesablanıb ki, bu cür proseslər yarandığı təqdirdə belə, kifayət qədər ehtiyat yaradılacaq və digər istehsal müəssisələrini istehsal prosesindəki stabilliyi təmin ediləcək, bazarlarda müştərilərin təminatının stabilliyi qorunacaq: “Bir çox belə proseslər var ki, istehsalda təmin etmək vacibdir. Artıq SOCAR-ın bu təcrübəsi yaranıb. Bilisiniz ki, “Petkim” və STAR neft emalı zavodları arasında yaranmış əlaqələrin tənzimlənməsi, birgə idarəçiliyi nəticəsində əldə edilən uğurlardır. Hazırda SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazardakı daha çoxsaylı müəssisələrin idarəçiliyində tətbiq etməyə hazırlaşır”.

Xatırladaq ki, hazırda beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin, həmçinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib. Bu emal müəssisələri arasında “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu da var.

Qeyd edək ki, SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda SOCAR-ın təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb.

Rəylər