Avtoxuliqanlıq etdiyi görüntüləri paylaşdı, həbs olundu – Foto

Avtoxuliqanlıq edərək həmin görüntüləri sosial şəbəkələrdə paylaşan Astara sakini həbs edilib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Astara rayon sakini Elşən Əliyev idarə etdiyi “Vaz 2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozub. Digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan bu əməlini, eyni zamanda sükan arxasında spirtli içki qəbul etməsinə dair görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs müvafiq tibbi müayinədən keçdikdən sonra isə onun həm də narkotik vasitə istifadəçisi olduğu müəyyən edilib.

İntizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə və dəfələrlə pozan həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə E.Əliyev 25 gün müddətində inzibati qaydada həbs edilib.


Rəylər