General Kənan Seyidov oxuduğu məktəbdə görüş keçirib

44 günlük Vətən Müharibəsində öz igidliyi və şücaəti ilə dastan yazan oğllarımızdan biri də Vətən müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovdur.

“Qafqazinfo” xəbər verir ki, general Kənan Seyidov İkinci Qarabağ müharibəsi zamanı düşmənə qan udduran xüsusi təyinatlı qüvvələrin komandanlarından biri kimi şanlı döyüş yolu keçib. Ötən gün General Kənan Seyidov oxuduğu İmişli rayonunun R.Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbində şagirdlər və qəsəbə ictimaiyyəti ilə görüş keçirib. Görüşdə Kənan Seyidovla yanaşı, general-mayor Rasim Babayev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev iştirak ediblər. Görüş zamanı prezident İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açılıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilənilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə edilib. Sonra Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

Yüksək vətənpərvərlik duyğuları ilə keçən görüş iştirakçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb. Sonda şəhid ailələrinə hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Rəylər