
“Biz Yunanıstana və dəstək verən bütün ölkələrə minnətdarıq. Yunanıstanla münasibətlərimiz haqqında onu deyə bilərəm ki, biz həmişə bütün qonşularımızla yaxşı münasibətlərdə olmaq istəyirik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsi zamanı deyib.
O qeyd edib ki, Yunanıstan ilk andan etibarən həm dəstək mesajı yayımlayıb, həm də axtarış-xilasetmə qrupu ilə işlərə qoşulub. Bunun Türkiyə-Yunanıstan münasibətlərində “yeni səhifə” açıb-açmayacağı barədə isə F.Altun Türkiyənin ilk böyük zəlzələdən dərhal sonra beynəlxalq yardım çağırışı etdiyinə və bu çərçivədə onlarla ölkədən axtarış xilasetmə qruplarının Türkiyəyə gəldiyinə, bu ölkələr arasında Yunanıstanın da olduğuna diqqət çəkərək sözlərinə belə davam edib: “Dövlətlər arasında bəzən fikir ayrılıqlarının olması təbii haldır. Bu fikir ayrılıqlarını beynəlxalq hüquqa uyğun mənalı və səmimi dialoq və əadlət zəminində həll etməliyik. Türk milləti heç vaxt ona uzadılan dost əlini havada qoymayıb”.