Proksi müharibələr mövzusunda ilk beynəlxalq konfrans keçirildi

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə 20-dən çox xarici ölkənin təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələrinin təmsil olunduğu “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda Bakı Təhlükəsizlik Forumu keçirilib.

“Qafqazinfo” quruma istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib, ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətinə toxunaraq bu təşəbbüsün reallaşmasında göstərdiyi dəstəyə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.

Əli Nağıyev yeni nəsil müharibə üsulu olan və birbaşa hərbi güc tətbiqini istisna edən proksi müharibələrin ölkələrin təhlükəsizliyinə nüfuz və ya təsir etmə vasitəsi olduğunu, proksi şəbəkələrin fəaliyyətinin bəzi terrorçu qruplar, radikal-ekstremist və separatçı qüvvələr tərəfindən dövlətlərdə mövcud sabitliyin pozulmasına yönəlmiş təxribat xarakterli əməllər – terror aktları, əhali arasında qorxu və vahimə yarada bilən digər cinayət hadisələri törətmək, insanlar arasında nifrət, düşmənçilik hisslərini aşılamaq, kibercinayətkarlıq və s. formada təzahür etdiyini nəzərə çatdırıb.

Proksi qrupların pozuculuq fəaliyyətinin doğurduğu təhdidlərlə mübarizədə ölkələrin səylərinin birləşdirilməsinin vacibliyinə diqqət çəkən general-polkovnik Əli Nağıyev Bakı Təhlükəsizlik Forumunun bunun üçün uğurlu başlanğıc olacağına, konfrans çərçivəsində aparılacaq müzakirələrin, veriləcək təkliflərin birgə əməkdaşlığın səmərəli təşkilinə əlverişli zəmin yaradacağına inamını ifadə edib.

Rəylər