
“Mayın 14-də Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə sayca beşinci görüşü bölgədə sülhün təmin olunması istiqamətində növbəti addım oldu. Brüssel formatının yenidən bərpa olunması tərəflərdə böyük məmnunluq hissi yaratdı”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
“Azərbaycanın tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etməsi və buna nail olmaq üçün səylər göstərməsi bu gün də əksər dünya gücləri tərəfindən dəstəklənir, bunun üçün əllərindən gələni edəcəklərini bildirirlər. Bu, Brüssel görüşü ilə bağlı açıqlamalarda, verilən bəyanatlarda da özünün aydın ifadəsini tapır. Belə ki, ABŞ Dövlət Departamenti sözügedən üçtərəfli görüşü irəliyə doğru addım kimi dəyərləndirir. Eyni zamanda, bu məqam da qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh mümkündür.
Azərbaycan atdığı real addımları ilə Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olduğunu təsdiqləyir. Qarşı tərəfin keçirilən görüşlər zamanı və ondan sonra tamamilə fərqli yanaşma nümayş etdirməsi sülh müqaviləsinin imzalanması prosesini uzadır. Azərbaycan Xarici İşlər Nazirliyinin Brüssel görüşü ilə bağlı bəyanatında da bu mühüm məqam yer alır ki, Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırıldı. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit olunması, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır”, – deputat deyib.
Onun sözlərinə görə, münasibətlərin normallaşdırılması istiqamətində keçirilən hər bir görüş hədəfə nail olmaq üçün mühüm addımdır.
Deputat onu da əlavə edib ki, burada söhbət, əlbəttə, Ermənistanın real addımlar atmasından gedir: “Sülh müqaviləsinin imzalanması təklifindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq qarşı tərəf hələ də gözləmə mövqeyində dayanmaqdadır. Keçirilən hər bir görüş və əldə edilən nəticələr Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi, diplomatik uğurlarının davamıdır”.
M.Həsənov qeyd edib ki, Azərbaycan hər bir hədəfə doğru inamla addımlayır və yüksək səviyyədə nail olur.