Baş katibi məşhur cüdoçumuzun intizamsızlığından danışdı

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Qətərdə keçirilən dünya çempionatında komandamızın çıxışından danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, yığmamızın nəticəsini uğursuzluq adlandırıb.

“Biz ən azı 3-4 medal qazanmalı idik. Amma cəmi 1 bürünc medal oldu. Bu uğursuzluqdur. Tənqid edənlər çoxdur, amma səbəbləri bilməyənlər də var.

Qadın cüdoçularımızdan başlamaq istəyirəm. Onlarda son zamanlar inkişaf var, gələcəyə hesablanmış komandadır. Qadınlarımız Gültac Məmmədəliyevanı çıxsaq, təcrübəsizdirlər. Ümumilikdə, qadınlardan medal gözləmirdik. Amma nəticəni qənaətbəxş saymq olar. Çünki onlar 10 saniyədə uduzmadılar, sona qədər mübarizə apardılar”, – baş katib qeyd edib.

R.Rəsullu kişi idmançıların çıxışına da toxunub: “60 kq-da Balabəy Ağayev çıxış etdi, o, İslam Oyunlarının finalında zədələnmişdi. Buna baxmayaraq DÇ-yə qədər bütün yarışlarda medal əldə etmişdi. İlk görüşdə səviyyəsini göstərdi, ikinci görüşdə də öndə idi. Sadəcə ani səhvdən uduzdu. Açığı, gözlənilməz idi və idmançı ciddi səhvə yol verdi. Bu cür səhvlər bağışlanmır”.

“Turan Bayramov da bundan öncə uğurlar qazanmışdı. DÇ-də də yaxşı güləşdi. Onun epizodunda hakimlər ippon vermədi. Amma bizə görə ippon idi. Turan yapon idmançı ilə görüşdə üstün idi, sadəcə təcrübə çatmadı. Orxan Səfərov 66 kq-da güləşdi və bunu qəbul etməliyik ki, artıq o, əvvəlki kimi çıxış etmir. Çox yaxşı hazırlaşmışdı. Yığmada bu dəqiqə ən problemli çəki 66 kq-dır. Orxanın da qazandığı nəticələr 60 kq-dadır. Ümumiyyətlə, yığmada 66 kq-a idmançıların çoxu 60-dan gəlib. Kəramət Hüseynova gəlincə, o, çox məşq buraxır. İstedadlıdır, amma istedadını məhv edir. Onun intizamı bizi qane etmir. Kəramət Hüseynovu 66 kq-da Avstriyaya turnirə aparacaqdıq. Amma məşqlərə gəlmir. Ona görə bu gün söhbət edəcəyik və çox güman ki, heyətdən çıxarılacaq”, – R.Rəsullu əlavə edib.

Rəylər