Kəmaləddin Heydərov Njupuo Yap Mariatu ilə görüşüb – Fotolar

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi xanım Njupuo Yap Mariatunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə görülən işlər, habelə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

Bu çərçivədə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə danışıb.

Nazir Azərbaycanın 1993-cü ildən üzvü olduğu Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əlaqələrinin yüksək səviyyədə olduğunu məmnunluqla xatırladaraq, münasibətlərin daha da genişlənməsinə yeni təkan verən 2018-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında informasiya mübadiləsi Reqlamenti”ni qeyd edib. Əməkdaşlıq münasibətləri çərçivəsində BMMT tərəfindən Fövqəladə Hallar Nazirliyinin Akademiyasına xüsusi trenajor komplekslərinin, o cümlədən bir sıra təlim-məşq avadanlıqları və laborator cihazlarının verilməsinə görə xanım Njupuo Yap Mariatuya təşəkkür edib. Nazir, həmçinin Beynəlxalq Mülki Müdafiə Təşkilatının xətti ilə FHN-in Akademiyasında regional və beynəlxalq təlimlərin, seminar və treninqlərin keçirilməsi üçün perspektivlərin nəzərdən keçirilməsini təklif edib.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatu, rəhbərlik etdiyi təşkilat tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycanın BMMT-nin dəyərli üzvü olduğunu bildirən qonaq, münasibətlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini qeyd edib, bu kontekstdə 2013-cü ildə Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfransı xatırladıb. Xanım Njupuo Yap Mariatu BMMT-nın Baş Assambleyasının ötən ilin noyabr ayında keçirilmiş sessiyasında Azərbaycanın təşkilatın İcraiyyə Şurasına növbəti 4 il üçün yenidən üzv seçilməsinin əhəmiyyətini vurğulayıb. Əməkdaşlıq münasibətlərinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd edən qonaq, bu məqsədlə qarşılıqlı səfərlərin, birgə təlim və seminarların mühüm töhfə olduğunu dilə gətirib.

Rəylər