23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “AzərGold”ASC maraqlı layihəyə imza atıb. Belə ki, Daşkəsən və Göygöl rayonlarında quraşdırılmış “Kitab köşkləri”nin fəal oxucuları Quşçu kənd sakinləri Zakir Sadıqlı, Gülxanım Bayramova, eləcə də Göygöl rayon sakini Məhbubə İbrahimovaya xatirə hədiyyələri təqdim olunub.


Maraqlıdır, rayonlarda kitab köşklərinin quraşdırılması, eləcə də, fəal oxucuların müəyyən edilərək mükafatlandırılması gənc nəslin kitaba, mütaləyə marağının artırılması baxımından nə dərəcədə önəmlidir?






Moderator.az-a açıqlama verən təhsil eskperti Gülnarə Hüseynova mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:



“Hesab edirəm ki, kitabla bağlı hər bir layihə, hər bir addım vətənpərvər və intellektual gəncliyin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki məhz kitab gənclərin şəxsiyyət kimi yetişməsində böyük rol oynayır, onlara zəngin dünyagörüşü, dərin bilik, ali məziyyətlər qazandırır.


Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə  intellektual və milli-mənəvi dəyərlərə bağlı gəncliyin formalaşmasının önəmini qeyd edib, bunun dövlətimizin gələcək tərəqqisi və təhlükəsizliyi baxımından həyati rol oynadığını bildirib. Bu baxımdan “AzərGold”ASC tərəfindən regionlarda kitab köşklərinin yaradılması, minlərə yeniyetmə və gəncin bu köşklərdən istifadəsinin təmin olunması olduqca böyük və təqdirəlayiq bir hadisədir.



İnanıram ki, yaxın gələcəkdə kitabla bağlı bu layihə daha da genişlənəcək, xalqımıza və dövlətimizə vətənpərvər ruha malik yeni intellektlər qazandıracaq”.


Seymur ƏLİYEV