SOCAR Xəzərin orta hissəsində daha dərin neft-qaz laylarını araşdıracaq
02 Jun 2026, 12:47 3 baxış 2 dəq oxuma
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xəzərin orta hissəsində daha dərin neft-qaz laylarını araşdıracaq.
Moderator.az xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Arzu Cavadova Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, SOCAR Xəzərin orta hissəsində yalnız ənənəvi neft-qaz horizontları ilə kifayətlənməyərək daha dərin və indiyədək araşdırılmamış laylara fokuslanır: "Xəzərin orta hissəsində kifayət qədər seysmik məlumatlar və qazılmış quyular mövcud olsa da, bölgənin potensialı tam öyrənilməyib. Biz yalnız ənənəvi Fasilə və Balaxanı horizontlarına baxmırıq. Daha dərin Pre-Fasilə laylarını, eyni zamanda indiyədək faktiki olaraq araşdırılmamış dayaz layları da qiymətləndiririk".
O qeyd edib ki, bu istiqamətlər gələcəkdə yeni neft və qaz ehtiyatlarının aşkar olunmasına imkan yarada bilər.
A. Cavadova əlavə edib ki, Xəzərin orta hissəsində hazırda qazmaya tam hazır vəziyyətə gətirilmiş bir neçə layihə mövcuddur: "Məsələn, "Qoşadaş" layihəsi uğurla irəliləyir və yaxın vaxtlarda burada qazma işlərinə başlanması gözlənilir. Digər layihə isə BP ilə birgə həyata keçirilən dəniz klasterinin tərkib hissəsi olan Gündüz strukturudur. Bu layihə də qazmaya hazır vəziyyətdədir".