Pentaqon binasında yerləşən mətbuat mərkəzinə jurnalistlərin girişi qadağan edilib.
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb.
Bildirilib ki, bu dəyişikliklər son bir neçə həftə ərzində baş verib.
"Müdafiə nazirinin ofisində çalışan nitq yazarları burada yerləşdirildiyi üçün mətbuat xidməti məxfi informasiyaların qorunduğu məkana çevrilərək yenidən profilləşdirilib", - Pentaqonun mətbuat katibi vəzifəsini icra edən Coel Valdes bildirib.
ABŞ hərbi idarəsinin daxilində müxbirlərin Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell və Valdes ilə görüşləri yalnız əvvəlcədən yazılmaqla mümkündür. Valdesin sözlərinə görə, mətbuat xidmətinin ştat cədvəli dəyişdirilib, müdafiə naziri Pit Heqsetin çıxış yazarları xidmətin tərkibinə daxil edilib.
Valdes qeyd edib ki, mətbuat xidməti öz gündəlik fəaliyyətlərində məxfilik qrifi olan məlumatlardan istifadə edirlər və onların Pentaqonun qorunan kompüter şəbəkəsinə çıxışı olmalıdır. O əlavə edib ki, məhz bu səbəbdən bundan sonra çıxış yazarlarının iş yerlərinin yerləşdiyi mətbuat xidmətinə digər jurnalistlərin girişi bağlanıb.
Aprel ayında Vaşinqtondakı apellyasiya məhkəməsi Pentaqonun tərəfini tutaraq qərara alıb ki, müxbirlər hərbi idarə əməkdaşlarının müşayiəti olmadan bina daxilində hərəkət edə bilməzlər. Mart ayında Kolumbiya dairəsinin məhkəməsi "The New York Times" (NYT) qəzetinin Pentaqona qarşı iddiasını təmin etmişdi. O zaman nazirliyə nəşrin yeddi müxbirinin binaya girişini bərpa etmək və ötən ilin oktyabrında jurnalistlərin akkreditasiyasına qoyulan məhdudiyyətləri ləğv etmək tapşırılmışdı. Buna cavab olaraq Pentaqon uzun müddət öz mənzil-qərargahında yerləşən media nümayəndələrinin iş zonasını dərhal bağlamağı əmr etmişdi. Bundan əlavə, idarə rəhbərliyi jurnalistlərin müşayiətsiz girişini məhdudlaşdırmışdı.