Vaşinqton və Tehran arasında danışıqlar davam etsə də, İran rəhbərliyinin sərt mövqeyi yekun razılaşmanın əldə olunmasını sual altına qoyur...




 
ABŞ ilə İran arasında memorandum üzrə danışıqlar davam edir, lakin tərəflər hələ də əsas məsələlərdə ortaq mövqeyə gələ bilməyiblər.
 
Moderator.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agenyliyi yazıb.
 
Tehran razılaşmaya tələsmir
 
Məlumatına görə, Tehran sənədə yenidən düzəlişlər etməyə hazırlaşır. Eyni zamanda, İsrail mənbələri bildirirlər ki, ölkənin yeni ali lideri Müctəba Xamenei Vaşinqtonla kompromisə getmək niyyətində deyil. Agentliyin məlumatına görə, memorandum layihəsi üzərində sənəd mübadiləsi davam edir və Tehran öz dəyişikliklərini təqdim edəcək.
 
İran tərəfi vurğulayır ki, yekun mətn yalnız ölkənin maraqlarına uyğun olarsa qəbul ediləcək. ABŞ prezidenti Donald Tramp da danışıqlarda tələsməyin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton istədiyi nəticəni əldə etməsə, başqa variantlara əl ata bilər.
 
Məlumata görə, əsas mübahisəli mövzular yüksək zənginləşdirilmiş uranın taleyi və Hörmüz boğazının gələcək statusu ilə bağlıdır. Memorandumun məqsədi atəşkəsi uzatmaq, dəniz blokadasını aradan qaldırmaq və sanksiyaların müəyyən hissəsini yumşaltmaqdır.
 
Xameneinin mövqeyi əsas maneə sayılır
 
Mediada yayılan məlumatlara görə, danışıqların qarşısındakı ən böyük maneə sənədin məzmunu deyil, onun İranın ali rəhbərliyi tərəfindən təsdiqlənməsidir. İsrail təhlükəsizlik dairələri hesab edir ki, Müctəba Xamenei atası Əli Xamenei kimi ABŞ və İsrailə qarşı sərt kursun tərəfdarıdır.
 
İsrail mənbələrinin iddiasına görə, yeni lider təhlükəsizlik səbəbindən ciddi mühafizə altında yaşayır və qərarların qəbulunda radikal dairələrin təsiri güclü olaraq qalır. Bu səbəbdən Vaşinqtonla açıq barışıq və ya genişmiqyaslı siyasi razılaşma ehtimalı aşağı qiymətləndirilir.
 
İran hərbi imkanlarını da bərpa edir
 
Danışıqlarla paralel olaraq İran hərbi infrastrukturunun bərpasını davam etdirir. Peyk görüntülərinin göstərdiyi kimi, yeraltı raket obyektlərinin bir hissəsində təmir və bərpa işləri aparılır. Ekspertlərin qiymətləndirməsinə görə, İranın arsenalında hələ də xeyli sayda ballistik raket qalır. Bu isə Tehranın danışıqlarda özünü zəif tərəf kimi görmədiyini göstərir.
 
Beləliklə, həm Vaşinqtonun sərtləşən tələbləri, həm də İran rəhbərliyinin kompromisə meylli görünməməsi ABŞ-İran danışıqlarının yaxın vaxtlarda yekun nəticə verməsini çətinləşdirir. Hazırda tərəflər dialoqu davam etdirsələr də, razılaşmanın əldə olunacağına dair qəti əminlik yoxdur.