"Ermənistan Rusiyanın idxalını qadağan etdiyi məhsullarının ixrac bazarını şaxələndirmək istiqamətində addımlar atır".
Moderator.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan seçki təşviqatı çərçivəsində seçicilərlə görüşü zamanı deyib.
"Hər şərdə bir xeyir var. Söhbət yeni satış bazarlarından gedir. Operativ reaksiyaya görə beynəlxalq tərəfdaşlarımıza minnətdarıq və artıq yaxın vaxtlar üçün qızılgül, meyvə və tərəvəz alışı ilə bağlı konkret təkliflərimiz mövcuddur", - deyə Paşinyan qeyd edib.
O, Rusiya Federasiyasına ixrac qadağasından zərər çəkmiş istehsalçılara dövlət tərəfindən dəstək göstəriləcəyini vəd edib.
"Bibər xarab olarsa, onun pulunu mən ödəyəcəyəm, hökumət ödəyəcək. Lakin bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də ixracı daha da artacaq. İxrac üçün ədalətsiz maneələrin yaradıldığı bütün hallarda dəstək və subsidiya proqramları icra olunacaq", - deyə Paşinyan bildirib.
"Rosselxoznadzor" 30 may 2026-cı il tarixindən etibarən Ermənistandan təzə pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Bu qadağa göndərilən məhsulların təhlükəsizliyini tam təmin edəcək müvafiq alqoritm hazırlanana qədər qüvvədə qalacaq. Bundan əlavə, "Rosselxoznadzor"un məlumatına əsasən, Ermənistan iyunun 2-dən etibarən Rusiya Federasiyasına ixrac üçün nəzərdə tutulan diri balıq və balıq məhsullarının sertifikatlaşdırılmasını da dayandırmalıdır.