Türkiyənin məşhur futbol şərhçisi və sabiq hakimi Erman Toroğlu barədə məhkəmə işi açılıb.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, o, "ictimaiyyəti yanlış məlumatlandırma və aldatma məqsədilə açıq şəkildə yanlış məlumat yaymaq" maddəsi ilə ittiham olunur.
İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə "Qalatasaray" klubu şikayətçi, Erman Toroğlu isə "şübhəli" şəxs kimi göstərilib.
İddianaməyə əsasən, Toroğlu 8 fevralda televiziya proqramında "Qalatasaray" və Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə bağlı açıqlamalar verib və bu çıxışdan sonra istintaq başlanıb.
Prokurorluq onun açıqlamalarının ictimaiyyətdə çaşqınlıq və narahatlıq yarada biləcəyi, həmçinin dövlət qurumlarına etimadı zədələyə biləcəyi qənaətinə gəlib.
Toroğlu barəsində bir ildən üç ilə qədər həbs cəzası istənilib və iş İstanbul Cəza Məhkəməsi tərəfindən icraata qəbul edilib.