SEPAH-ın gücünün artdığı və İranın siyasi sistemində real təsir mərkəzlərinin yenidən formalaşdığı bir dövrdə prezident Pezeşkianın rolu və imkanları yenidən müzakirə mövzusuna çevrilib. Paralel olaraq, ali dini lider institutunun gələcək funksionallığı ətrafında səslənən ehtimallar ölkənin idarəçilik modelində qeyri-müəyyənlik görüntüsünü gücləndirir.


Maraqlıdır, SEPAH-ın gücləndiyi, ali dini lider institutunun gələcəyinin müzakirə olunduğu bir dövrdə Pezeşkian İranın yeni siyasi ağırlıq mərkəzinə çevrilirmi və Vaşinqtonla mümkün anlaşmanın açarı doğrudanmı onun əlindədir?






Mövzu ilə bağlı Moderator.az-a politoloq Turan Rzayev açıqlama verib. 



Politoloq qeyd edib ki, İranın keçmiş ali rəhbəri Əli Xameneinin ölümündən sonra qeyri-rəsmi mənbələrdə qeyd olunur ki, SEPAH İranda hakimiyyəti tam şəkildə ələ keçirib:


"Demək olar ki, bütün institutlara nəzarət edir, hətta yeni dini ali liderin belə hakimiyyətə gətirilməsi və həmin postun müəyyənləşdirilməsi prosesini də özləri həyata keçiriblər. Bu isə istənilən halda bütövlükdə sistem üzərində tam nəzarət deməkdir. Belə bir şəraitdə Pezeşkianın hər hansı addım atması inandırıcı görünmür. Pezeşkian prinsip etibarilə etnik azlıqlar arasında, eləcə də ölkə xaricində – Türkiyə, Azərbaycan kimi ölkələrdə müəyyən prestijə sahib olsa da, İran daxilində o qədər də ciddi reytinqə malik deyil.


Məsələn, bu yaxınlarda onun istefa verdiyinə dair xəbər yayılmışdı, lakin həmin məlumat təkzib edildi. Böyük ehtimalla belə bir hal baş verib, sadəcə SEPAH buna icazə verməyib. İndiki mərhələdə prezidentin istefa verməsi xaricdə də heç də müsbət qarşılanmazdı. Eyni zamanda o, xarici qüvvələr üçün bir aktora çevrilə bilər.

Mən Pezeşkianın hazırkı mərhələdə İrandakı təsir gücünü elə də yüksək qiymətləndirmirəm. Yəni onun siyasi çəkisi o qədər də böyük deyil ki, hər hansı həlledici addımlar ata bilsin. Hazırda faktiki güc SEPAH-ın əlindədir və SEPAH da heç də konstruktiv yanaşma sərgiləmir.

Gərginliyin uzanmasının digər səbəbi də SEPAH-ın bu məsələdəki mövqeyidir".


Pərvin Şakirqızı