ABŞ dövlət katibi Marko Rubio Rusiyanın hərbi yolla qarşıya qoyduğu məqsədlərə nail ola bilməyəcəyini bildirib və müharibənin yalnız danışıqlar masasında başa çata biləcəyini vurğulayıb...




 
ABŞ dövlət katibi Marko Rubio Ukraynaya qarşı işğalın Rusiya üçün strateji səhv olduğunu bəyan edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
 
Strateji səhv
 
Onun sözlərinə görə, Moskva nə müharibənin ilk günündə elan etdiyi hədəflərə, nə də hazırda danışıqlarda tələb etdiyi məqsədlərə hərbi yolla nail ola biləcək. 
 
Rubio bildirib ki, Ukrayna ordusunun həm cəbhədə, həm də Rusiya ərazisinin dərinliklərində həyata keçirdiyi əməliyyatlar Kremlin planlarını ciddi şəkildə çətinləşdirir. O hesab edir ki, artıq dünyada, hətta Rusiyanın özündə belə bu müharibənin gözlənilən nəticələri vermədiyini anlayanların sayı artır.
 
Sülhə gedən çətin yol
 
ABŞ rəsmisinin fikrincə, müharibənin hərbi həlli yoxdur və yekun nəticə yalnız diplomatik danışıqlar yolu ilə əldə edilə bilər. O qeyd edib ki, Vaşinqton uzun müddət tərəfləri danışıqlar masasına gətirməyə çalışsa da, hələlik ciddi irəliləyiş əldə olunmayıb.
 
Rubio əsas problemin tərəflərin, xüsusilə də Rusiyanın sülh naminə lazımi güzəştlərə hazır görünməməsi olduğunu vurğulayıb. Buna görə də yaxın perspektivdə danışıqların uğur qazanacağına dair nikbinlik üçün kifayət qədər əsas görmür.
 
ABŞ mövqeyini gizlətmir
 
Dövlət katibi ABŞ-ın bu müharibədə neytral vasitəçi olmadığını da açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, Vaşinqton Rusiyaya deyil, yalnız Ukraynaya silah verir və sanksiyalar da məhz Moskvaya qarşı tətbiq olunur. Rubio əlavə edib ki, ABŞ Ukraynaya dəstəyi davam etdirmək niyyətindədir.
 
O, yaxın vaxtlarda Kiyev üçün ayrılmış 400 milyon dollarlıq hərbi yardım paketi ilə bağlı müsbət xəbərlərin açıqlanacağını da bildirib. ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton müharibənin dayandırılması üçün səylərini davam etdirəcək, lakin bunun üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsi vacibdir.