“Rusiya Yesentukidəki “Nənə-baba” hoqqasını Azərbaycan üçün yox, özü üçün bir dərs kimi qəbul etməlidir...”
04 Jun 2026, 16:46 8 baxış 8 dəq oxuma
“Əgər bu gün Rusiyanın bir şəhərində bir abidə quraşdırırlarsa, bir azdan sonra deyəcəklər ki, həmin ərazilər əsrlərdir ki, bizimdir. Deyəcəklər ki, bu abidənin neçə min illik tarixi var...”
“Xəbər verildiyi kimi, Rusiyanın Stavropol diyarının Yesentuki şəhərindəki "Müqəddəs Hripsim" kilsəsinin ərazisində Xankəndindəki məşhur "Biz və dağlarımız"("Nənə və baba") abidəsinin surəti quraşdırılıb. Bunu Rusiyanın Qarabağ separatizminə öz ərazisində Azərbaycana qarşı gələcək planlar üçün dirçəlməsi meydan verməsi kimi dəyərləndirmək olarmı?”
Bu sualla müraciət etdiyimiz AzVP sədri Akif Nağı Moderator.az-a açıqlamasında aşağıdakı fikir və mülahizələri səsləndirib:
“Bu hadisəyə müxtəlif cür qiymət vermək olar. Yəni ermənilərin növbəti avantürası kimi, onların xülyalardan, illüziyalardan xilas ola bilməməsinin nəticəsi, bu xəstəliyin davamı kimi və s... Eyni zamanda, ola bilər ki, Rusiya hakimiyyəti də müəyyən mənada bu revanşist, separatçı ünsürlərə güzəştə gedir və belə məsələlərə şərait yaradır ki, onlar öz oyunlarını davam etdirsinlər...
İstənilən halda, bu, mənasız bir prosesdir. Həmin revanşist, irqçi, separatçı xislətli ermənilər hələ də başa düşmürlər ki, real işlə məşğul olmaq lazımdır. Onlar isə sanki odu söndürüb külü ilə oynayırlar...
Ermənilər həmin “Biz və dağlar”, yaxud “Nənə-baba” adlandırdıqları abidəni Qarabağda – Azərbaycan torpağında sovet dövründə Azərbaycan hökumətinin razılığı və maliyyəsi hesabına qoymuşdular. Bu, adi bir abidə idi. Onlar sadəcə özlərinin milli rəmzi kimi təqdim etməyə çalışırdılar...
İstənilən halda Rusiyanın hansısa şəhərindəki kilsə qarşısında belə bir abidənin surətinin qoyulması mənasız bir işdir. Erməni revanşistlər yenə də özlərini aldadırlar, yenə də öz xalqlarını aldadırlar...
Azərbaycanın yaşamağınız üçün icazə verdiyi cənnət-məkan torpaqlarda, Qarabağın dağlıq hissəsində oturmuşdunuz, hər cür şəraitlə təmin olunmuşdunuz. Sonra isə öz günahlarınız ucbatından oranı tərk edib getdiniz. Azərbaycan xalqına qarşı törətdiyiniz cinayətlərə görə orada qala bilmədiniz. Qalmağa üzünüz olmadı. Bunların bəzilərinin ümumiyyətlə həyaları yoxdur. Amma yenə də qorxurlar ki, törətdikləri ağır cinayətlərə görə cavab verməli olacaqlar. Onlar on illərlə müharibə aparır, azərbaycanlılardan, türklərdən, müsəlmanlardan nəyinsə intiqamını almağa çalışırdılar. Biz isə daim onlarla normal yaşamaq istəmişik. Bu gün torpaqlarımızın işğaldan azad edilməsindən sonra da onların xalqımıza qarşı törətdiyi misli görünməmiş, tükürpərdici, dəhşətli cinayətlər, işgəncə növləri ortalığa çıxır... Əsirlikdən, girovluqdan azad edilmiş insanlarımız nələr danışırlar?..
Təəssüf ki, hələ indi də onların arasında Türkiyə türkləri ilə də, bizimlə də problem yaratmağa çalışanlar xeylidir. Anlamaq olmur ki, niyə bizlərə bu qədər nifrət edirlər. Bu, xəstə təfəkkürdür. Belə xəstə, cılız təfəkkürlə də bu cür oyuncaq xarakterli, mənasız işlərlə məşğul olurlar...
Dediyimiz kimi, törətdiyiniz cinayətlər ucbatından Qarabağ kimi rahat yaşadığınız bir torpaqdan çıxıb getdiniz. İndi gedib orada- Rusiya torpalarında qaçqın halında özünüzü bu cür oyuncaqlarla ovundurursuz, özünüzü və bir-birinizi aldadırsınız. Sizin mahiyyətiniz budur...
Bu hadisə onların mahiyyətini bir daha göstərir... Abidəni də bir kilsənin həyətində qoyublar. Ora kim gələcək? Təbii ki, ruslar, digər millət nümayəndələri toplu halında gəlməyəcəklər. Ermənilər özləri gəlib baxacaqlar. Bir dəfə, beş dəfə baxdılar, sonra heç maraq da göstərməyəcəklər... Təkrar edirəm, mənasız bir şeydir...
Sadəcə biz belə faktlardan istifadə edərək revanşist, irqçi xislətli ermənilərin növbəti avantürasını nümayiş etdirək, onların daim bizim üçün təhlükəli olduğunu göstərək. Məsələ bundan ibarətdir ki, belə revanşistlər onsuz da bizə qarşı müxtəlif formalarda bu cür fəaliyyətlər aparacaqlar. Daim deyəcəklər ki, 30 ildən çox işğal altında saxladıqları torpaqlarımızda guya hansısa kilsələri, yaxud digər abidələri var idi və azərbaycanlılar onu dağıdırlar. Və s. və i.a.
Onlar bizə qarşı bu cür müxtəlif təbliğatlar aparacaqlar. Bununla həm öz xəstəliklərini sakitləşdirəcəklər, eyni zamanda onlardan istifadə edən qüvvələr də var axı. Rusiyada, elə Qərbdə də müəyyən dairələr də belə xəstə təfəkkürlü ermənilərdən daim Azərbaycana, Türkiyəyə qarşı istifadə edib və edəcəklər...
Onu da vurğulamaq gərəkdir ki, Rusiya bu Yesentukidə baş verənləri, “Nənə-baba” oyununu, hoqqasını Azərbaycan üçün yox, özü üçün bir dərs kimi qəbul etməlidir. O mənada ki, məhz bu dövlətin təhriki və dəstəyi ilə XX əsrin əvvəllərindən bəri bizə qarşı separatçılıq, işğalçılıq savaşı aparmış ermənilər Moskvanın gözü qarşısında bizə qarşı hansı müxtəlif sərsəm iddialar irəli sürdüklərini yaxşı bilirlər. Əgər bu gün Rusiyanın bir şəhərində bir abidə quraşdırırlarsa, bir azdan sonra deyəcəklər ki, həmin ərazilər əsrlərdir ki, bizimdir. Deyəcəklər ki, bu abidənin neçə min illik tarixi var. Onun ətrafında müxtəlif yalanlar uyduracaqlar...
Onların bu biabırçı təbliğatını biz yaxşı bilirik. Məsələn, hansısa guya "qədim" erməni kitabını nümayiş etdirirlər. Əslində isə həmin kitabın yalnız birinci-ikinci səhifəsində qondarma nəsə yazılıb, qalan hissəsi sonradan əlavə olunub, yaxud ağappaqdır. Amma bunu elə təqdim edirlər ki, guya çox qədim bir abidədir. Şüşə altında nümayiş etdirirlər, turistlərə göstərirlər və insanları aldadırlar ki, bu, qədim erməni kitabıdır. Heç bir xalq özünə qarşı belə münasibəti rəva görməz, amma onlar bunu edirlər.
Onların xaçkarları süni şəkildə qədimləşdirməsi ilə bağlı faktlar da üzə çıxıb, sexləri aşkarlanıb. Müxtəlif üsullarla, üzərlərinə kimyəvi maddələr tökərək onları torpağa basdırır, müəyyən müddətdən sonra çıxarıb təqdim edirlər ki, guya qədim tarixi nümunələrdir. Yəni bunlar əsasən belə saxtakarlıqlarla məşğuldurlar. Bunu ruslar da başa düşməlidirlər. Yerli hakimiyyət də bunu anlamalıdır. Sabah deyəcəklər ki, Krasnodar bizimdir, Stavropol bizimdir, Rostov bizimdir... Yəni bu gün bizə qarşı istifadə etməyə çalışdıqları üsullar sabah Rusiyanın özünə qarşı çevrilə bilər. Onlar da bundan nəticə çıxarmalıdırlar...
Biz isə onların bu cür fəaliyyətlərini izləyir, belə hərəkətlərindən istifadə edərək onları dünya ictimaiyyəti qarşısında bir daha ifşa etməyə, rüsvay etməyə çalışırıq və çalışacağıq...”