"ABŞ-ın Yaxın Şərqdə uğursuzluğu qlobalq valyuta sistemini dəyişə bilər..."


ABŞ-ın İranla bağlı mümkün hərbi və geosiyasi fiaskosu dolların dünya valyutası statusunu ciddi şəkildə sarsıda bilər.






Moderator.az xəbər verir ki, bu barədə Honkonqun "Asia Times" nəşri yazıb.


Dollar üçün yeni "Süveyş ssenarisi" təhlükəsi


Nəşrə görə, qlobal valyutaların çökməsi adətən geosiyasi səhvlər və iqtisadi zəifliklərlə sürətlənir. Müəllif xatırladır ki, Britaniya funtu Süveyş böhranından sonra qlobal valyuta rolunu faktiki olaraq itirdi. İndi isə ABŞ dolları üçün oxşar risklər gündəmdədir: bu, yüksək dövlət borcu və Yaxın Şərqdə hərbi uğursuzluq ehtimalından irəli gəlir. Bu kontekstdə Hörmüz boğazı "Süveyş böhranının dollar versiyası" kimi qiymətləndirilir, yəni "yaşıl valyuta" üçün dönüş nöqtəsi ola bilər.


Tarixi paralellər və ABŞ iqtisadiyyatının zəif nöqtələri


Məqalədə 70 il əvvəl baş verən Süveyş böhranı xatırladılır: Misir lideri Camal Əbdül Nasir kanalın milliləşdirilməsini elan etdikdən sonra Britaniya, Fransa və İsrailin hərbi müdaxiləsi baş vermişdi. Hərbi əməliyyat müəyyən uğur qazansa da, siyasi baxımdan fəlakət idi - beynəlxalq ictimaiyyət ABŞ-ın da daxil olduğu geniş təzyiqlə müdaxiləçiləri geri çəkilməyə məcbur etmişdi. Nəticədə Britaniya funtu ciddi etibar itkisi yaşadı və qlobal valyuta mövqeyini itirdi.


Nəşr yazır ki, bu gün ABŞ oxşar vəziyyətdədir: dövlət borcunun ÜDM-ə nisbəti 120 faizi keçib, cari hesab kəsiri yenidən artır və dollar artıq əvvəlki kimi "təhlükəsiz liman" statusunu itirməyə başlayır. Bununla belə, dollar hələ də dominant valyutadır - dünya valyuta ehtiyatlarının təxminən 60 faizi dollarla saxlanılır və qlobal ticarətdə əsas hesab vahidi olaraq qalır.


Çoxqütblü maliyyə sistemi və dolların uzunmüddətli təzyiqi


Məqaləyə görə, dünya tədricən çoxqütblü valyuta sisteminə doğru gedir. Avropa İttifaqında ticarət getdikcə avro ilə aparılır, Çin isə enerji müqavilələrində yuanın payını artırır. Eyni zamanda Çinin CIPS ödəniş sistemi SWIFT-dən kənar alternativ yaratmağa çalışır. Bu isə dolların beynəlxalq maliyyə infrastrukturundakı üstünlüyünü tədricən zəiflədir.


Bununla belə, həm avrozonada, həm də Çində struktur məhdudiyyətlər qalır: Avropa hələ ümumi təhlükəsiz aktivlər bazası yarada bilmir, Çin isə yuanın tam konvertasiya olunmasına ehtiyatla yanaşır. Müəllifin yekun qənaətinə görə, valyutaların süqutu adətən tək bir hadisə ilə deyil, geosiyasi təzyiqlər və iqtisadi zəifləmənin birləşməsi ilə baş verir. Süveyş Britaniya funtu üçün "son mismar" olmuşdu, Hörmüz isə dollar üçün oxşar rol oynaya bilər.