“Müşfiqi məşhur şair dostları satır, onlara rəhmət düşmür, Dilbər xanım deyirdi ki, gecə qapı döyüldü...” - FOTO+ÖZƏL
05 Jun 2026, 08:52 11 baxış 3 dəq oxuma
“Bu gün əziz əmim Mikayıl Müşfiqin 118 yaşı tamam olur. O 118 yaşının cəmi 29 ilini yaşadı. Bu 29 illik həyatına Müşfiq elə bir sənət əsərləri sığdırıb, miras qoyub getdi ki.. Bir əsr keçmiş olsa da onun şeirləri ürəklərdə, qəlblərdə yaşayacaq. Bir əsrdə bir neçə nəsil dəyişib. Amma gördüyünüz kimi hələ də Müşfiqin şeirləri dillər əzbəridir, mahnılara çevrilib hamı tərəfindən oxunur. Mən onun haqda danışanda çox kövrəlirəm. Bizim nəsil Müşfiq əmi ilə fəxr edir və qürur duyur. Nə yaxşı ki, belə bir nəslin övladlarıyıq”.
Bunu Moderator.az-a açıqlamasında nakam şair Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunus Dağlının qızı Reyhanə İsmayılzadə deyib.
O daha sonra əlavə edib:
“Mikayıl Müşfiqi məcbur ediblər ki, müəlliminin üzünə dursun və ölüm dosyesinə imza atsın. Müşfiq isə deyib ki, “mən əgər sağ əlimlə imza atsam, sol əlimlə o əlimi kəsərəm”. Nə qədər gənc, cavan olsa da olsa satqınlıq etməyib. Amma Müşfiqin ölüm fərmanına 200-dən çox adam imza atıb. Onların hamısı da ədiblər və şairlər olub. Müşfiqi gözləri götürmürdü. Paxıllıq hissi həmişə insanı məhv edir. O şairlərin hamısı ölüb gediblər. Onlara “Allah rəhmət etsin” deyə bilmərəm. Bilənlər bilir ki, söhbət kimlərdən gedir? Ad çəkməyə ehtiyac yoxdur. Onlar imza atsaydılar da, atmasaydılar da fərman hazır idi, Müşfiq onsuz da güllələnəcəkdi. Amma onlar mərdliklərini qoruya bilmədilər. Öz başlarını qorumaq üçün Müşfiqin ölüm fərmanına imza atdılar. O şairlərin içində Müşfiqin güvəndiyi insanlar da olub. İnsan dostu tərəfindən zərbə alırsa ölmək onun üçün heç nədir. Dilbər xanım deyirdi ki, Müşfiqi gecəyarı, ad günündən bir gün öncə aparıblar. Qapı döyülür və Müşfiq gedir.. 5 ay sonra Dilbəri həbs edib, qadınların saxlanıldığı ümumi kamerada saxlayırlar. Dilbərin sürgündə çəkdiyi əzab-əziyyətlərə heç bir qadın dözüb, tab gətirə bilməzdi. Bu onun Müşfiqə olan sevgisinin bariz nümunəsi idi”.