ABŞ-da saxlanıldığı iddia edilən və Adolf Hitlerə aid ola biləcək genetik material əsasında yeni sənədli film hazırlanıb, lakin nəticələrin elmi baxımdan mübahisəli olduğu bildirilir...
Alman tədqiqatçılar ABŞ-da saxlanılan və nasist Almaniyasının lideri Adolf Hitlerə aid ola biləcəyi iddia edilən genetik materialı araşdırırlar.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "dw.com" nəşri məlumat yayıb.
ABŞ-da saxlanılan genetik material araşdırılır
Məlumata əsasən, "Hitlerin DNT-si: diktatorun planı" adlı sənədli film (2025) həmin genetik materialın təhlilini nümayiş etdirir. Araşdırılan nümunənin 1945-ci ildə Berlində bunkerində intihar etdiyi bildirilən Hitlerin olduğu yerdən götürülmüş qan ləkəsi olan parça parçası olduğu iddia edilir.
DNT analizinə şübhələr
Pennsilvaniyadakı Gettisberq Tarix Muzeyinin kuratoru Erik Dorr həmin parçanın ABŞ-a amerikalı əsgər tərəfindən gətirildiyini iddia edir. Tədqiqatçılar bu material üzərində aparılan DNT analizləri zamanı mümkün genetik göstəricilərin autizm və bipolyar pozuntu riskləri ilə əlaqəsini araşdırıblar. Lakin mütəxəssislər bu cür yanaşmanın elmi baxımdan mübahisəli olduğunu vurğulayırlar.
Kembric Universitetindən autizm üzrə tədqiqatçı Saymon Baron-Koen bildirib ki, psixi vəziyyətləri yalnız genetika ilə izah etmək düzgün deyil və bir çox digər faktorlar da rol oynayır. Onun sözlərinə görə, aparılan DNT nəticələrinə ehtiyatla yanaşmaq lazımdır, çünki hələlik müstəqil elmi təsdiq mövcud deyil.
Sənədli film və tarixi kontekst
Məlumata görə, sənədli filmin ilk seriyası Böyük Britaniyada "Channel 4" kanalında yayımlanıb və nasist diktatorun ölümündən 80 ildən çox müddət sonra təqdim edilib. Almaniyada isə filmin RTL+ platformasında yayımlanacağı bildirilir.
Qeyd olunur ki, Adolf Hitler 30 aprel 1945-ci ildə Berlin bunkerində intihar edib. Onun ideologiyası ərazi genişlənməsi, "irqi təmiz dövlət" yaradılması və Avropa yəhudilərinin sistemli şəkildə məhv edilməsi kimi ağır cinayətləri əhatə edib.