“Mənim Vaqif müəllim haqda “Mən sənin yoxunam” adlı kitabım çıxdı. Bu kitabda tanışlığımızın ilk günlərindən ömrünün sonuna qədər olan dövrü əhatə etdim. Mən bilirdim ki, Vaqif kimdir? Onun haqda heç bir məlumatım yox idi. Yalandan deyə bilmərəm ki, onun şeirinə, yazısına vuruldum. Bu daha yaxşıdır. Sən əvvəl insanı, sonra onun yaradıcılığını qəbul edirsən. O mənim ürəyimə bir insan kimi yatdı. Ümumilikdə götürəndə Vaqif böyük şəxsiyyət idi. Vətənini hədsiz dərəcədə çox sevirdi. Bu sözlər pafoslu səslənməsin. Çox sadə bir insan idi. O evə girəndə artıq özü olurdu. Yaradıcı insan bayırda özü olur, içəri girəndə maskanı taxır. Bu əsas məsələdir. İnsan rahatlığı evdə tapırdı, bizimlə zarafat edirdi. Mən də onun üçün bu rahatlığı yarada bilmişdim”.


Bunu Moderator.az-a açıqlamasında Xalq yazıçısı Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova deyib.






O daha sonra Vaqif Səmədoğlunun əsərlərinin teatrda səhnələşdirilməməsindən danışıb:


“Bu mənim yaralı yerimdir. Hüseynağa Atakişiyevdən sonra Vaqifin əsərləri öz rejissorunu tapmadı. Düzdür, arada səhnələşdirildi, amma bu o deyildi. Vaqifi Hüseynağa daha gözəl duyurdu. Əsərin müvəffəqiyyətinin 90 faizi rejissordan asılıdır. Rejissor yoxdan var edəndir. Amma bir də var ki, əlində material var və sən bu materialı bərbad vəziyyətə qoyursan. Bu artıq rejissordan asılıdır, müəllifdən yox. Mən çox istərdim ki, Vaqifin əsərləri səhnələşdirilsin. Bu mənə ağır gəlir. Sağlığında ona müraciətlər edirdilər ki, nəsə yazsın. O da deyirdi ki, “yazmışam da, səhnələşdirilmir”. Hər bir təşəbbüsün arxasında maddiyat durur” deyə o bildirib.


O daha sonra şairin adını daşıyan Vaqif Səmədoğlu Mərkəzindən danışıb:


“Mən mərkəz adından nələrsə edirəm. Düzdür, mərkəzin məkanı yoxdur. Məkan mənim evimdir, özüməm. Məkan içimdədir. Tamamilə tanımadığım insanlar mənə müraciət edirlər və Vaqif müəllimlə bağlı tədbirin keçirilməsini mənə təklif edirlər. Bu məni çox sevindirir. Mən nəsə etməsəm həyat dayanar” deyə o bildirib.


Qeyd edək ki, bu gün şairin 88 yaşı tamam olur.