"Kreml rus dilinə xüsusi status verməyə çalışır, tənqidçilər isə bunu elmi deyil, siyasi layihə hesab edirlər..."
Rusiya prezidenti Vladimir Putin universitetlərdə rus dili və ədəbiyyatı üzrə ayrıca fakültələrin yaradılmasını təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Rus dili ayrıca elmə çevrilir
Onun sözlərinə görə, "dövlət dili"nin rolu o qədər böyükdür ki, onu filologiya və ya dilçilik çərçivəsində deyil, ayrıca öyrənmək lazımdır. Bu təşəbbüs artıq bəzi ali məktəblərdə həyata keçirilməyə başlanıb. Bununla yanaşı, rus dili üçün vahid dərslik hazırlanır, dil normalarını müəyyən edən 12 rəsmi lüğət yaradılır.
Tənqidçilər hesab edirlər ki, bu addımlar dilin təbii inkişafını təşviq etməkdən çox, onun istifadəsini dövlət tərəfindən müəyyən edilmiş sərt çərçivələrə salmağa yönəlib. Onların fikrincə, rus dili getdikcə təhsil fənnindən daha çox dövlət siyasətinin alətinə çevrilir.
Stalinin yoluyla
Məqalə müəllifi xatırladır ki, sovet lideri İosif Stalin də vaxtilə dilçilik məsələlərinə xüsusi maraq göstərib və bu mövzuda məqalə yazıb. Həmin dövrdə rus dilinin standartlaşdırılması siyasəti gücləndirilib, Aleksandr Puşkin isə sovet ideologiyasının əsas rəmzlərindən birinə çevrilib.
Lakin müəllifin fikrincə, hətta Stalin belə rus dilinin digər dillərdən üstün və ya unikal olduğunu dövlət səviyyəsində elan etməyib. Bu baxımdan Putinin hazırkı təşəbbüsü daha iddialı görünür. Məqsəd yalnız dili qorumaq deyil, ona xüsusi siyasi və mədəni status qazandırmaqdır.
Dil siyasətindən ideologiyaya
Müəllif qeyd edir ki, Putin son illərdə tarix tədrisinin məzmununa da ciddi müdaxilə edib və indi eyni yanaşma rus dilinə tətbiq olunur. Bu prosesdə Kremlin yaxın çevrəsinə daxil olan Yelena Yampolskaya kimi şəxslər mühüm rol oynayırlar. Onlar regional dillərin tədrisinin məhdudlaşdırılmasını dəstəkləyən siyasətin tərəfdarları kimi tanınırlar.
Məqalədə vurğulanır ki, rus dilinin üstünlüyü barədə ritorika xüsusilə Ukraynaya qarşı müharibə fonunda daha da güclənib. İşğal olunmuş ərazilərdə ukrayna dilinin sıxışdırılması və rus dilinin məcburi şəkildə yayılması buna nümunə kimi göstərilir. Müəllif hesab edir ki, Kreml indi bu yanaşmanı qanunlar, dərsliklər və rəsmi lüğətlər vasitəsilə möhkəmləndirməyə çalışır.
Onun fikrincə, hazırkı kurs davam edərsə, rus dili sadəcə ünsiyyət vasitəsi deyil, dövlət ideologiyasının əsas elementlərindən birinə çevriləcək. Məhz buna görə də rus dilinin gələcəyi ilə bağlı müzakirələr artıq təkcə dilçilik deyil, həm də siyasət məsələsi kimi qiymətləndirilir.